MSK-nın növbəti iclası keçirilib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. Sonra bu ilin noyabrın 1-nə təyin edilmiş parlament seçkilərilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

MSK katibi Arifə Muxtarova Ümid Partiyasının üzvü Anar İsayevin deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı MSK-ya müraciət etdiyini deyib. O qeyd edib ki, MSK Ekspert Qrupu Anar İsayev 81 saylı Beyləqan seçki dairəsindən namizədliyinin qeydə alınmaması məsələsini araşdırıb.

Məlum olub ki, onun təqdim etdiyi imzalar yetərlidir. A.İsayevin namizədliyi səsə qoyularaq qəbul edilib.

Müsavat Partiyasının Divan üzvü Vəfa Abbasova (Cümşüdlü) deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı müraciətinə də baxılıb. MSK üzvü Tofiq Həsənov bildirib ki, araşdırma nəticəsində 550 imza 133-ü etibarsız hesab edilib, 44 saylı Sumqayıt seçki dairəsinin qərarı qüvvədə saxlanılıb. Beləliklə, V.Abbasovanın deputatlığa namizədliyi qeydə alınmayıb.

Sonda cari məsələlərə baxılıb.

Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə