Elmar Məmmədyarov Jan-Pol Laborde ilə görüşüb

Elmar Məmmədyarov Jan-Pol Laborde ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 70-ci sessiyasında iştirakı çərçivəsində BMT-nin Terrorçuluqla Mübarizə Komitəsinin İcraedici Direktorluğunun icraçı direktoru Jan-Pol Laborde ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Laborde Suriya və İraqa vuruşmaq üçün gedən çoxlu sayda xarici döyüşçülərin təhlükəsizlik üçün təhdid olduğunu qeyd edib. Azərbaycan Respublikasının terrorçuluqdan əziyyət çəkən bir ölkə olduğunu vurğulayan icraçı direktor, terrorçuluqla mübarizə sahəsində ölkəmizin gördüyü işləri yüksək qiymətləndirib. Bu sahədə ölkəmizlə yaxın əməkdaşlığın vacibliyini bildirib və bu məqsədlə Azərbaycana səfər etmək niyyətini diqqətə çatdırıb.

Elmar Məmmədyarov Azərbaycanın bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu və İcraedici Direktorluğun Azərbaycana səfər etmək niyyətinin alqışlandığını bildirib. Avropa ölkələri ilə müqayisədə Azərbaycandan İraq və Suriya kimi ölkələrə döyüşməyə gedənlərin az sayda olduğunu qeyd edən nazir, bu təhdidin qarşısını almaq üçün həyata keçirilən tədbirlər barədə məlumat verib. Əlavə olaraq, Elmar Məmmədyarov məsələnin həlli üçün dövlətlər arasında məlumat mübadiləsinin vacib olduğunu xatırladıb. Nazir İraq və Suriya kimi ölkələrdə siyasi vəziyyətin həllinə nail olmadan xarici döyüşçülərlə bağlı problemin aradan qaldırılmasının qeyri-mümkün olduğunu vurğulayıb.

Qeyd edək ki, Laborde BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 2170, 2178 və 2199 saylı qətnamələrin problemin həllinə vacib əsas olduğunu və onların həyata keçirilməsi üçün vasitələrin tapılmasının atılacaq addımlar sırasında durduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə