Seymur Orucov: "Qətnamələr kağız parçasından başqa bir şey deyil" AÇIQLAMA

Seymur Orucov: "Qətnamələr kağız parçasından başqa bir şey deyil" AÇIQLAMA

"Hər hansı bir qurumun, təşkilatın qəbul etdiyi qətnamələr o zaman obyektivliyi əks etdirə bilər ki, həmin təşkilatın üzvləri fəaliyyət istiqamətlərini obyektivlik prinsipi əsasında qursunlar. Götürək, Avropa Parlamentini. Bu qurum qəbul etdiyi qətnamələrlə hər ötən gün öz legitim imicinə xələl gətirir. Bu qətnamələrlə tanış olanda orda kifayət qədər sifariş altında yazılmış cümlələrə rast gəlmək olar. Anti-demokratik parlamentin bir neçə gün bundan öncə Azərbaycana qarşı qəbul etdiyi qətnamənin də sifariş məqsədi daşıdığını desək yanılmarıq". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP GB sədrinin sözlərinə görə, əsrlər boyu müstəmləkə rejimləri yaradan, qonşu xalqları əsarət altında saxlayıb mənəvi zövq alan, insan taleyini şəxsi ambisiyalarının qurbanına çevirən Avropalı rəsmilər bu gün də bu siyasətini başqa formalarda həyata keçirmək istəyirlər: "Mədəni və mənəvi dəyərdən tamamilə uzaqlaşan qitə rəsmiləri dünyada öz mövqeyini qorumuş, dinamik inkişaf edən, beynəlxalq aləmin başlıca subyektinə çevrilən dövlətlərə qarşı bir aqressiya nümayiş etdirməkdədirlər.Mənəviyyatsızlıq və milli dəyərsizliyin yaratdığı siyasi, hümanitar, sosial-iqtisadi böhrandan çıxış yolu axtarmaq əvəzinə başqasının guya qayğısına qalmaq kimi davranmaq Avropa Parlamentini həqiqətdən uzaq təşkilat kimi göstərir. Parlament üzvləri olan ayrı-ayrı Avropa dövlətlərinin həyata keçirdikləri yanlış siyasət nəticəsində bu gün Avropada əvvəllər ümumiyyətlə rast gəlinməyən ciddi problemlər yaranmaqdadır. Əhalinin təbii artım tempi durmadan aşağı düşür, eynicinslilərin nigahına icazə verilir. Bu artıq bəşəri səviyyədə olan rüsvayçılıqdır. Siyasi fəallara, vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı olunan polis zorakılığını görməməzlikdən gələn Avropa Parlamenti öz ölkəsində qarşıdurma yaratmaq istəyən, sabitliyi pozmağa cəhd edən, müxtəlif hüquq pozuntularına yol verdiklərinə görə həbs olunan şəxslərə "siyasi məhbus" adı verib, onlara azadlıq tələb edirki, yenidən həmin qüvvələr təxribatçı əməllərini həyata keçirsinlər".

S.Orucov əlavə edib ki, insan hüquqlarına real tətbiq mexanizmi kimi deyil, bərli-bəzəkli söz birləşməsi kimi baxan Avropa Parlamenti riyakarcasına bu qitədə insan hüquqlarının yüksək səviyyədə qorunduğunu iddia edib, yalançı imic formalaşdırmağa cəhd edir: "Hüququn aliliyindən danışan bir qurumun Ermənistanın işğalı nəticəsində Azərbaycanın qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa vadar edilmiş vətəndaşlarının hüquqlarının bərbası istiqamətində heç bir iş görməməsi, ümumiyyətlə bu məsələyə toxunmaması bizə onu deməyə əsas verir ki, Avropa Parlamenti yalançı bir qurum, onun qəbul etdiyi qətnamələr isə kağız parçasından başqa bir şey deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə