Hatəm Cabbarlı: "İnsan haqları bəşəridir, fərdlərə görə dəyişmir" AÇIQLAMA
"Avropa dövlətlərinin və ümumən Qərb dünyasının possovet ölkələrinin bir çoxuna qarşı münasibəti birmənalı deyil. Bu xüsusilə müsəlman dövlətlərinə aiddir". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlı deyib.
Onun sözlərinə görə, son zamanlarda Avropa İttifaqının və Avropa Şurasının Azərbaycana qarşı kəskin, hətta heç bir diplomatik etikaya sığmayan tərzdə ittihamları qəbul edilə bilməz: "Bəli, Azərbaycan gənc bir dövlətdir, müstəqilliyini qorumağa və möhkəmləndirməyə çalışır, bu yöndə həm daxili qanunvericiliyə, həm də beynəlxalq aləmdə qəbul etdiyi öhdəçiliyi yerinə yetirir. Avropa özünün bəşəri dəyərlərini təlqin etməyə çalışırsa bu qiymətləndirilməlidir. Amma bu zaman dövlətin daxili işlərinə qarışmağa, daxili qanunvericiliyə müdaxilə etməyə çalışırsa, ikili standartlar həyata keçirirsə, burda bir az düşünmək lazımdır. İstər insan haqları, istər demokratiya və digər azadlıqlar barədə Azərbaycan müstəqilliyini elan etdikdən sonra xeyli yol alıb və almaqda davam edir. Bəli, müəyyən problemlərimiz var. Amma bu problemlər hansı dövlətdə yoxdur ki? Avropa və Qərb dövlətlərinin özündə də sosial və siyasi həyatın müxtəlif sahələrində problemlər var. Bu dövlətlərdə yaşayan milli azlıqlara edilən təzyiqlər, dini və irqi ayrıseçkilik hələ də davam edir. Diqqətdən kənarda qalmaması gərəkən bir məsələ də Avropa dövlətlərində milliyyətçiliyin hətta faşizmin qol-qanad açmasıdır. Bu barədə ölçü götürməyən, Avropanın Azərbaycanı hansısa bir məsələ ilə bağlı ittiham etməyə haqqı yoxdur".
H.Cabbarlı əlavə edib ki, insan haqları bəşəridir, fərdlərə görə dəyişmir, azaldılıb və yaxud çoxaldılmır: "Bu zaman Avropanın insan haqları anlayışında ciddi korroziya olduğunu müşahidə etmək çətin deyil. Öz ata yurduna getmək istəyən vətəndaşlarımızın qondarma rejim tərəfindən həbs edilərək uzun müddətli cəza verməsi, bir milyona yaxın insanın doğulduqları torpaqlara, doğma evlərinə getmələrinin əngəllənməsi məsələsini xatırlamamağa, bu problemləri insan haqları konteksində görməməyə çalışan Avropa və Qərb bir-iki fərdin haqqında açılan cinayət işlərinə beynəlxalq don geyindirməyə və təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Azərbaycan müstəqil bir dövlətdir, məntiqli tənqiddən nəticə çıxarıb yalnışlıqlarını düzəldəcək qədər yetkinliyə, ikili standartlara isə yox deyəcək qədər ciddiyyətə sahibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB