Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı noyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə partiya tərəfindən namizədliyi irəli sürülmüş şəxslərin müdafiəsi üçün imzatoplama kampaniyasını uğurla başa çatdırıb. SİA-nın məlumatına görə, partiya fəalları Nizami rayonunda yerləşən 24 saylı Nizami I, 25 saylı Nizami II və 18 saylı Nərimanov-Nizami seçki dairələri üzrə müvafiq olaraq YAP-ın namizədlərinin müdafiəsi üçün tələb olunan sayda imza toplayıblar.
Yüksək aktivlik şəraitində baş tutan prosesdə YAP Nizami rayon təşkilatının 30 fəalı iştirak edib. Hər bir fəal 1 imza vərəqəsini doldurmaq üçün dairə hüdudları üzrə sakinlərlə görüşüb, eyni zamanda, rayon təşkilatının qərargahında da imza yığıblar.
Yeni Azərbaycan Partiyasının Nizami rayonu üzrə irəli sürülmüş namizədlərinin səlahiyyətli nümayəndəsi Ramil Vəlibəyov imza toplama kampaniyası ilə əlaqədar bildirib ki, 24 saylı Nizami I və 25 saylı Nizami II seçki dairələrinin seçiciləri kütləvi şəkildə onlar yenidən YAP-ın namizədlərini öz favoritləri kimi gördüklərini dilə gətiriblər: "Məhz, əvvəlki illərdə də Yeni Azərbaycan Partiyasının deputatlarının təşəbbüsləri ilə rayon ərazisində bir çox işlər görülüb, seçicilərin müraciətlərinə vaxtında reaksiya verilib və qanunlar, səlahiyyətlər çərçivəsində problemlərin həlli istiqamətində müvafiq işlər görülüb. Elə bu səbəblərə görədir ki, seçicilər yenidən YAP-ın namizədlərinin deputat olması üçün aktivlik nümayiş etdirirlər. Özlərinin də qeyd etdikləri kimi seçki günündə də eyni fəallıq şəraitində partiyamızın irəli sürdüyü namizədlərə səs verəcəklər".
Ramil Vəlibəyov əlavə edib ki, artıq imza vərəqələri və tələb olunan digər sənədlər müvafiq Dairə Seçki Komissiyalarına təqdim edilib.
Məlumat üçün qeyd edək ki, 18 saylı Nərimanov-Nizami Seçki Dairəsi ərazisində (Nizami rayonu üzrə) 22193 nəfər seçici qeydiyyatdadır. Onların 178 nəfəri ilk dəfə səs verənlərdir, həmçinin, ən yaşlı seçicilərin (80-100 yaş arası) sayı 420-dir, 1 nəfər seçicinin yaşı isə 100-dən çoxdur. 24 saylı Nizami I Seçki Dairəsi ərazisində 39762 nəfər seçici qeydiyyatdadır. Onların 163 nəfəri ilk dəfə səs verənlərdir, ən yaşlı seçicilərin (80-100 yaş arası) sayı isə 628-dir. 25 saylı Nizami II Seçki Dairəsi ərazisində isə 44347 nəfər seçici qeydiyyatdadır. Onların 433 nəfəri isə ilk dəfə səs verənlərdir. DSK ərazisində ən yaşlı seçicilərin (80-100 yaş arası) sayı 336-dır, 2 nəfər seçicinin yaşı isə 100-dən çoxdur.

İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB