"ABŞ-ın Rusiyaya qarşı tutduğu mövqe xeyli yumşalıb" AÇIQLAMA

"ABŞ-ın Rusiyaya qarşı tutduğu mövqe xeyli yumşalıb" AÇIQLAMA

"ABŞ-ın Rusiyaya qarşı tutduğu mövqe xeyli dərəcədə yumşalıb". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Mübariz Əhmədoğlu Rusiya və ABŞ Suriyadakı mövqelərinin toqquşmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiya ilə ABŞ arasındakı vəziyyətin gərginləşməyə yeri yoxdur və bu gərginlik artıq arxada qalıb: "ABŞ-ın Yaxın Şərqdə apardığı siyasət Avropanın özündə qaçqın probleminə yol açdı. Avropa dərin bir böhranla üz-üzə qalıb. ABŞ indi çalışmalıdır ki, qaçqın böhranı Avropanı çökdürməsin və Avropa vahid məkan şəklində qalsın. Hazırda Avropa şengen vizasını ləğv etməyi düşünür. Bu isə demokratik dəyərlərə tamamilə ziddir. Bu fonda ABŞ-ın Rusiya ilə vəziyyəti daha da gərginləşdirməyə gücü yoxdur".

Politoloq bildirib ki, Rusiyanın qoşunlarını Suriyada yerləşdirdiyi an ABŞ çox kəskin reaksiya verərək Rusiyanı hədələdi, lakin indi ABŞ tamam fərqli mesajlar verir: "ABŞ indi Rusiya ilə hərbi əməkdaşlıq etmək istəyir. ABŞ çox gözəl bilir ki, əgər Rusiya Suriyadan İŞİD-i qovsa bütün Yaxın Şərq ciddi nüfuz qazanacaq. Buna görə də, o, Rusiya ilə danışıqlar apararaq iki dövlətin qoşunlarının eyni anda Suriyaya yerləşdirilməsinə nail olmaq istəyir. Hətta buna görə, ABŞ Bəşər Əsədin devrilməsi məsələsini də ikinci plana atıb. Vəziyyət sürətlə dəyişir. Və görünən odur ki, ABŞ-ın Rusiyaya qarşı tutduğu mövqe xeyli dərəcədə yumşalıb".

Bütün xəbərlər Facebook səhifəmizdə