Ziyafət Əsgərov: "Siz hansı haqla Azərbaycan xalqının iradəsinə müdaxilə edirsiniz?" AÇIQLAMA

Ziyafət Əsgərov: "Siz hansı haqla Azərbaycan xalqının iradəsinə müdaxilə edirsiniz?" AÇIQLAMA

"Avropa Parlamentinin Azərbaycan haqda qəbul etdiyi qətnamə saxta, böhtan və yalandır. Bu qətnamə heç bir əsası olmadan qəbul olunmuş bir kağız parçasıdır". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikası Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov Parlamentin bu gün keçirilən növbədənkənar plenar iclasında deyib.

O, bunun ilk belə qərəzli qətnamə olmadığını bildirib: "2014-cü ilin sentyabrını yadınıza salmaq istəyirəm. Yeni seçki keçiriləndən sonra Avropa Parlamentinin 750 deputatı sentyabrın 18-də Azərbaycan əleyhinə qətnamə qəbul etdi. Məqsəd birdir. Azərbaycanda davamlı mövcud olan ictimai-siyasi sabitliyi pozmaq. Bu, onları qane etmir. Vaxtilə Ulu Öndər Heydər Əliyev deyib ki, müstəqilliyi qoruyub saxlamaq, onu elan etməkdən çox-çox çətindir. Biz bu çətinliklərə hazır olmalıyıq".

Vitse-spiker vurğulayıb ki, Avropa Parlamentinin qərəzli qətnaməsində Azərbaycanda söz və mətbuat azadlığının olmaması qeyd olunub: "Ölkəmizdə minlərlə qəzet və jurnallar, onlarla telekanallar var. Nə zaman hansısa jurnalistə nəyisə yazmaması il bağlı təzyiq olunub? Bütün bunlar böhtandır. Bizi tənqid də, təhqir də edirlər. Amma biz məhkəməyə də müraciət etmirik".

Z. Əsgərov söyləyib ki, Azərbaycanda bir nəfər də olsun siyasi məhbus yoxdur: "Milli Məclisin sədri xarici qonaqları qəbul edəndə dəfələrlə bu məsələni qaldırıb. Axı deyin, siyasi məhbus nədir? Bunun beynəlxalq hüquqi anlayışını verin. Onlara bunun hüquqi anlaşıyını vermək sərf etmir. Çünki, siyasi məhbus adı altında dövlətin daxili işlərinə qarışırlar. Kimə istəyirlər ona da siyasi məhbus adı verirlər.

Avropa bu cür yolla Azərbaycana təzyiq etməyə çalışır. Avropa Parlamenti rəhbərliyində oturan bir neçə şəxs erməni lobbisinin təsiri altına düşüb. Avropa artıq Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərinin nəticələri ilə bağlı hesabatları da hazırlayıb. Axı siz nə bilirsiniz seçkilərin nəticələri necə olacaq? Axı siz hansı haqla Azərbaycan xalqının iradəsinə müdaxilə edirsiniz?".

Vitse-spiker ərəb ölkələrində baş verən hadisələri Avropanın törətdiyini qeyd edib: "Hazırda Misirdə, Liviyada, Suriyada, Əfqanıstanda müharibələr, fəlakətlər baş verir. Bu ölkələrdə əhali qaçqın vəziyyətinə düşür. Əlbəttə ki, bunları Avropa edir. Onların problemlərini necə yaratmısınızsa, elə də həll edin. Milyonlarla dollar pul qoyub Liviyanı dağıtdınız. İndi Azərbaycanı dağıtmaq istəyirsiniz? Minlərlə miqrantları dənizdə batırır, öldürürsünüz. Axı bu nə vəhşilikdir? Bu cür vəhşilikləri edən Avropa Azərbaycana demokratiyadan, insan haqlarından necə danışa bilər? Milli satqınlar da Avropadan milyonlarla pul alıb, ölkədə xaos yaratmaq istəyirlər. Ancaq bu, mümkün olmayacaq. Çünki Azərbaycanda xalqla-iqtidar arasında güclü birlik var. Onlar Azərbaycan Prezidentinə paxıllıq edirlər. Çünki onların özlərində belə prezident yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə