QMKİDK-da Avropa Parlamentinin qətnaməsi pislənilib YENİLƏNİB-FOTO
Bu gün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Milli Məclis üzvlərinin, əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri başçılarının, MKSİF-in rəhbərliyinin və Komitə əməkdaşlarının iştirakı ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, iştirakçılar Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə etiraz ediblər.
Tədbiri giriş sözü ilə açan Baş nazirin müavini, QMKİDK-nın sədri Əli Həsənov deyib ki, çox təəssüf ki, Avropa Parlamenti Azərbaycana qarşı qərəzli, aqressiv qətnamə dərc edib: "Təbii ki, biz də buna biganə qala bilməzdik. Avropa Parlamenti 1979-cu ildə seçki yolu ilə formalaşdırılıb. Avropa Birliyinə 3 qurum daxildir ki, bunlardan da biri Avropa Parlamentidir. Biz AP-nin, Qərbin bizə münasibətinin dəyişməsini görürük. Azərbaycanın inkişafı bəzi dövlətlərin böyük qısqanclığına səbəb olub. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən sonra da bu qərəzin artacağını görürdük. Avropa Parlamenti korrupsiyaya bulaşmış bir qurumdur".
Baş nazirin müavini bildirib ki, Avropa Parlamenti demokratiyadan, insan hüquqlarından danışır, amma özündə bunu görmür: "Bu parlament eybəcərliklərlə doludur. Azərbaycan Prezidenti İlham Əliyevin və onun xanımı Mehriban Əliyevanın Azərbaycanda gördüyü işlərdən ermənilər hərəkətə keçiblər. Hətta ölkəmizdə keçirilən hərbi təlimlər onların ciddi narahatçılığına səbəb olub".
Avropadakı miqrant məsələsinə də toxunan Əli Həsənov onların qaçqınlara qarşı hərəkətlərini pisləyib: "Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün öz yurd-yuvalarından didərgin düşüb. Bəs bu insanların hüquqları pozulmayıb? Niyə susursan? Bəs hardasan ay ermənilərə satılmış Avropa Parlamenti? Bu gün Avropada polis zorakılığı baş alıb gedir. Onlar bunu niyə görmür, fikirlərini bildirmirlər? Hesab edirəm ki, bizim diplomatik korpusun nümayəndələri çox ciddi tədbirlər görməlidirlər. Dövlət, xalq bizi seçir və müdafiə edir. O zaman biz də öz işimizi ortaya qoymalıyıq".
Millət vəkili Bəxtiyar Əliyev deyib ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə yersizdir və heç bir hüquqa əsaslanmır: "Bu ikiüzlü siyasət onu göstərir ki, AP-nin qərarı riyakarlıqdan ibarətdir: "Niyə onlar Ermənistanda gedən proseslərə heç bir reaksiya vermirlər? Onların bu il ölkəmizdə keçiriləcək parlament seçkilərinə öz nümayəndələrini göndərməməsi isə onların əsl xislətlərini bir daha ortaya qoyur. Bu heç də Avropaya başucalığı gətirməyəcək. Bizə qarşı savaş açılıb. Hessb edirəm ki, mətbuatımız bu istiqamətdə analitik yazılar yazmalı və öz fikirlərini ortaya qoymalıdır. Bu gün hamımız səfərbər olmalıyıq. Öz haqq işimizi davam etdirməli və mübarizəmizi aparmalıyıq. Bu gün hər kəs Azərbaycan dövlətinin və Prezidentinin ətrafında birləşib".
Deputat Elman Məmmədov isə diqqətə çatdırıb ki, sanki Avropa Parlamenti özünün bütün fəaliyyətini Ermənistanın üzərində qurub: "Hansıki Ermənistan Azərbaycana qarşı öz işğalçılıq siyasətini davam etdirir. Avropa Parlamentində olan deputatlar erməni pulu ilə öz sözlərini deyirlər: "Beləcə orada müxtəlif qətnamələr dərc olunur. Bu gün Avropa qaçqın axınını özü yaradıb və bu quyuya da özü düşüb. Onlar miqrant deyil, əksinə qaçqındırlar. Bu fəlakətləri yaradan Avropanın özüdür. Həmin Avropadır ki, bu gün bizə demokratiyadan, insan hüquqlarından danışır. Onlar Azərbaycanın daxili işlərinə qarışırlar. Bu, hüquq pozuntusudur. Avropa özü bataqlığın içində olan bir qitədir. Bu gün hansı Avropa dəyərlərindən danışılır? Biz baxmalıyıq ki, bu Avropa dəyərləri bizə lazımdır ya yox. Biz bunlardan ciddi nəticə çıxarmalıyıq".
Daha sonra Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Şuşa rayonundan məcburi köçkün Elçin Əhmədov, Kəlbəcər rayonundan məcburi köçkün Şəlalə Məmmədova çıxış edərək məlum qətnaməni pisləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB