MSK-da 74 müşahidəçi akkreditasiyadan keçib

MSK-da 74 müşahidəçi akkreditasiyadan keçib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclası MSK-nın sədri Məzahir Pənahov açıq elan etdikdən sonra Azərbaycan Respublikası MSK-nın 8 sentyabr 2015-ci il tarixli iclas protokolları təsdiqlənib. Sonra MSK-nın katibi Arifə Muxtarova tərəfindən 2015-ci il noyabrın 1-nə təyin edilmiş Milli Məslisə seçkilərdə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydasına dair məsələ müzakirə olunub və təsdiqlənib.

Diqqətə çatdırılıb ki, Azərbaycanda noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri üçün indiyə qədər 498 nəfər namizədliklərinin qeydə alınması üçün MSK-ya müraciət edib. Bunlardan 254 nəfəri siyasi partiya, 13 nəfəri siyasi blok, qalanları isə öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüb.

İclasda həmçinin bildirilib ki, 286 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub və onlara imza vərəqələri verilib. O da qeyd olunub ki, seçkiləri müşahidə etmək üçün indiyə qədər MSK-da 74 müşahidəçi akkreditasiyadan keçib. Onlardan 69 nəfər öz təşəbbüsü, 5 nəfəri isə QHT-lər tərəfindən irəli sürülüb.

Bununla belə MSK-nın katibi tərəfindən səlahiyyətli nümayəndələrin qeydə alınması haqqında məlumat verilib və təsdiqlənib. İclasda bir sıra siyasi partiyaların və "Azadlıq-2015" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələri qeydə alınıb. Demokraik İslahatlar Partiyasının 6, "Azadlıq-2015" blokunun 11, Müsavat Partiyasının 20, Azərbaycan Demokrat Partiyasının isə 6 səlahiyyətli nümayəndəsi qeydə alınıb. Bundan əlavə, "Azadlıq-2015" siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Cəmaləddin Ağayev, Demokratik İslahatlar Partiyasının səlahiyyətli nümayəndəsi Ülkər Abdullayevanın səlahiyyətli nümayəndə statusu təmsil olunduqları təşkilatların müraciətləri əsasında ləğv edilib.

İclasda, həmçinin bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsi və cari məsələ müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə