Millət vəkili: "Miqrant kütləsi Avropanın inkişafını sual altında qoyur" MÜNASİBƏT
"Bu gün Avropa ölkələri ən böyük humanitar böhranla üz-üzədir. Şimali Afrika və Yaxın və Orta Şərqdən qaçqın və köçkünlərin böyük bir kütləsi müharibələrdən, aclıqdan, səfalətdən xilas üçün Avropaya üz tutub. Bu humanitar fəlakətin əsas səbəbkarları isə neomüstəmləkəçi siyasəti yürüdənlərdir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, işğalçılıq siyasəti yürüdən bəzi dövlətlər coğrafi baxımdan uzaq olduğundan yaşanan humanitar fəlakət Avropa ölkələrini təhdid edir: "Böyük miqrant kütləsi Avropanın sabit və rifahlı inkişafını sual altında qoyur. Ümumiyyətlə, bu gün Avrasiya geostrateji regionunda böyük münaqişə ocaqları və fəlakət zonaları mövcuddur. Əgər bir neçə il öncə müharibələrin ağır nəticələrini Əfqanıstanda, İraqda görürdüksə, bu gün artıq bunları Avropada müşahidə edirik".
Deputat vurğulayıb ki, Avropa ölkələri strateji maraqları naminə atdıqları addımlar nəticəsində yaranmış miqrant böhranından çıxış yolunu özləri tapmalıdırlar: "Onsuz da müsəlman ölkələrin vətəndaşlarını ölkələrində öldürürlər, şikəst edirlər, sonra qaçqın adı ilə pənah aparanları dənizlərdə, okeanda batırırlar. İndi də Avropa ölkələrinin sərhədlərinə toplaşmış həmin miqrantları təhdid edirlər, yenə də öldürməyə cəhd göstərirlər. Bu problemin aradan qaldırılmasında Avropanın təqdim və təbliğ etdiyi dəyərlərə nə dərəcədə sadiq olduğunu görəcəyik".
Sədaqət Vəliyeva təəssüflə əlavə edib ki, Azərbaycanda da fəlakətlər və böhran yaratmağa cəhd göstərən qüvvələr hələ də fəaliyyətdədirlər: "Bu humanitar fəlakətdən nəticə çıxarmayan bəzi qərəzli qüvvələr, beynəlxalq QHT-lər "beşinci kolon" vasitəsilə Azərbaycan kimi sabit və inkişaf edən ölkələri də xaosun girdabına sürükləmək üçün cəhdlərini davam etdirirlər. Azərbaycanın müstəqil siyasəti, sabitliyi, iqtisadi uğurları, dünyada getdikcə artan nüfuzu bu dairələri qıcıqlandırır. Hazırda Azərbaycana qarşı təşkil olunan kampaniyanın əsas səbəbi məhz bu amildir. Müxtəlif vasitələrlə ABŞ, Almaniya və Böyük Britaniyanın bəlli KİV-ləri, ölkəmizin əsas ticarət tərəfdaşlarından olan İtaliya mediası, Azərbaycan investisiyalarında maraqlı olan bəzi Balkan ölkələrinin mediası da bu və ya digər şəkildə çirkin anti-Azərbaycan kampaniyasına cəlb edilirlər. Məhz, bütün bunları nəzərə alaraq Azərbaycan mediası da daim ayıq-sayıq olmalıdır. Cəmiyyətimiz isə hər zamankından daha sıx şəkildə hakimiyyətin ətrafında birləşməli, dövləti və dövlətçiliyi müdafiə etməlidir. Heç şübhəsiz hər zaman olduğu kimi bundan sonra da anti-Azərbaycan kampaniyası öz hədəflərinə çatmayacaq, Azərbaycan ənənəvi müttəfiqləri və tərəfdaşları ilə əlaqələrini daha da inkişaf etdirəcək və yeni tərəfdaşlar qazanmaqda davam edəcək".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB