Şirvanda Mərkəzi Seçki Komissiyasının Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş seminar başlayıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar beynəlxalq təşkilatlarla birgə müxtəlif istiqamətlər üzrə layihələr davam etməkdədir. Növbəti iki günlük seminarda 30 Dairə Seçki Komissiyasının ekspert qruplarının üzvlərini iştirakı ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) Avropa İttifaqı (Aİ) ilə birgə əməkdaşlığı çərçivəsində Şirvanda keçirilir. Seçkilərlə bağlı müraciətlərə baxılmasına həsr olunmuş genişmiqyaslı maarifləndirmə layihəsi vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsinə hədəflənmiş tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvü Tofiq Həsənov, Avropa İttifaqının seçki üzrə eksperti Ukraynadan olan Sergey Kalçenko iştirak ediblər.
Tədbirin keçirilməsində başlıca məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatının artırılması, praktiki vərdişlərinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir. Seminar zamanı beynəlxalq ekspert və MSK üzvü tərəfindən vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılmasına dair müxtəlif mövzularda təqdimatlar aparılıb, əhatə olunan məsələlər əyani şəkildə hərtərəfli izah edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, irimiqyaslı regional maarifləndirmə seminarları Şirvan, Gəncə və Şəki şəhərlərində də keçirilməklə sentyabrın 11-dək davam edəcək və ölkə üzrə 125 seçki dairəsini əhatə edəcək.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB