İCAPP Qadınlar Qolunun III iclası öz işinə başlayıb YENİLƏNİB FOTOLAR

Bu gün Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar Qolunun III iclası öz işinə başlayıb. SİA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə həyata keçirilən konfransda Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hicran Hüseynova, İCAPP Qadınlar Qolunun həmsədri, Koreya Milli Assambleyasının üzvü, Saenuri Partiyasının parlament fraksiyasının sədr müavini Park İn-suk, Nepal Ticarət və əmtəə naziri Sunil Bahadur Thapa, Milli Konqres Partiyasının (NCP) qadın məsələləri üzrə katibi, CAPP Baş katibliyinin Komitəsinin üzvü Zeynəb Əhməd Eltayeb İbrahim və Meksika Vətəndaş Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə katibi, COPPPAL-ın nümayəndəsi Vania Roksana Avila Qarsia iştirak ediblər.

İCAPP Qadınlar təşkilatının həmsədri, YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı iclası açıq elan edərək, tədbirin mahiyyəti haqqında geniş məlumat verib. M.İbrahimqızı bildirib ki, bu tədbirin məqsədi geniş potensiala və resurslara malik olan Asiyanın siyasətçi qadınlarının bir araya gələrək qitənin gələcək inkişafında, bölgədə sülhün, əmin-amanlığın və davamlı inkişafın əldə olunmasında onların əməkdaşlığının qurulmasıdır: "Uzun illərdir ki, YAP, Asiya siyasi partiyalarının aparıcı üzvlərindən biridir. Bir sıra layihələrdə birgə iştirak edərək mühüm qərarlar qəbul etmişik. Hətta İCAPP-ın bir neçə vacib iclasları YAP-ın təşkilatçılığı ilə Bakıda keçirilib. Artıq üç ildir ki, İCAPP-ın Qadınlar Qolu mövcuddur və bu qola Azərbaycan və Koreya həmsədrlik edir. Hazırda 16 ölkədən iclasda qonaqlar iştirak edir. Latın Amerikası və Afrika Siyasi təşkilatları da burada təmsil olunurlar. İnanıram ki, burada edilən müzakirələr, qəbul olunan qərarlar qadınların cəmiyyətdə yerinin və rolunun möhkəmlənməsinə öz səmərəli tövhəsini verəcək".

Daha sonra çıxış edən İCAPP Qadınlar qolunun həmsədri, Milli Assambleyanın üzvü Park İn-suk bugünkü iclasın qadınların ictimai həyatda iştirakçılığının gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O bildirib ki, qlobal dünyada gender bərabərliyinin təmin edilməsində mühüm nailiyyətlər əldə olunub, qadınların parlamentdə və dövlət qurumlarında təmsilçiliyi xeyli artıb. Diqqətə çatdırılıb ki, İCAPP fəaliyyət göstərdiyi dövr ərzində qadınların mövcud problemlərinin həlli istiqamətində mühüm işlər görüb.

Çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin vitse-spikeri Bahar Muradova qeyd edib ki, bu təşkilatın yaranması olduqca vacib qərardır: "Çünki İCAPP Qadınlar qolu hər zaman qadınların ictimai iştirakçılığının və dövlət orqanlarında təmsilçiliyinin artırılması istiqamətində ciddi işlər görüb. Bu gün dünyada mövcud olan ictimai-siyasi durum, təhlükələr, bəyanatlar, çağırışlar bizi vadar edir ki, ən müxtəlif variantlarda beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə də siyasi partiyaların birlikləri olan İCAPP kimi təşkilatlarda birləşək. Nəzərə alsaq ki, dünyanın ən qarşıq, ən çox münaqişə ocaqları məhz bu regiondadır, o zaman Asiyada siyasi partiyaların bir araya gəlməsi regionun inkiafı, qarşıdakı hədəfləri düzgün müəyyən etməsi üçün olduqca vacib şərtlərdəndir. Xüsusilə də, bu sahədə qadınların fəaliyyəti mühüm amilərdəndir".

Bahar Muradova qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ kimi böyük problemi olduğu halda, heç bir sahədə Azərbaycan dünyanın qabaqcıl ölkələrindən geri qalmayıb: "Asiya ölkələri də üzləşdiyi konfliktlərin aradan qaldırılması istiqamətində Azərbaycan nümunəsindən istifadə edə bilərlər. Azərbayacan sabitlik adası olmaqla yanaşı, həm də inkişafın Azərbaycan modelini dünyaya göstərib. Bu baxımdan da hesab edirəm ki, bu cür tədbirlərin həyata keçirilməsi bizlər üçün, o cümlədən də Asiya ölkələri üçün böyük əhəmiyyətə malikdir".

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, qloballaşan dünyada qadınların iştirakçılığının artırılması, bunun üçün mexanizmlərin yaradılması mühüm məsələdir: "Qloballaşma şəraitində dünyanın bir çox ölkələrində, o cümlədən inkişaf etmiş ölkələrdə eyni problemlərə rast gəlinir. Miqrasiya, urbanizasiya, qaçqın və məcburi köçkünlər, erkən nikah, zorakılıq və s. problemlər bütün ölkələri əhatə edir. Ermənistanın Azərbaycana qarşı təcavüzü, ölkəmizin ərazilərinin 20 faizini işğal etməsi nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bunlardan 400 mindən çoxu qadınlar, 300 mindən çoxu isə uşaqlar idi. Lakin bu çətinliyə baxmayaraq qadınlar Azərbaycanda öz yerini tuta bildi. Hazırda qadınlar parlamentdə, dövlət qurumlarında, ölkənin ictimai həyatında aktiv iştirak edir və onların seçkili qurumlarda təmsilçiliyi daim artır. Bu, Azərbaycan hökumətinin uğurlu qadın siyasətinin məntiqi nəticəsidir".

Daha sonra konfrans sessiyalarla plenar davam etdirilib.

Qeyd edək ki, iclas Qadınlar arasında yoxsulluğun aradan qaldırılması üzrə I plenar sessiya, Qadınların sağlamlığı və təhsili üzrə II plenar sessiya, Qadınların siyasi iştiraklılığı üzrə III plenar sessiya üzrə işini davam etdirəcək.

İclasın sonunda "Asiyadakı qadınlar üzrə Bakı Bəyannaməsi"nin qəbul olunacaq.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...