Rusiya səsvermə hüququndan məhrum ola bilərmi? RƏY

Politoloq: “Səsvermədən məhrum etmə məsələsi ciddi görünmür”

"Hər kəsə məlumdur ki, BMT-nin Təhlükəsizlik Şurasının əsas vəzifəsi beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında məsuliyyət daşımaqdır. Onun 5 daimi üzvü var ki, bunlardan da biri Rusiyadır. Bu baxımdan da düşünürəm ki, Rusiyanın səsvermə hüququ heç bir halda əlindən alına bilməz". Bu fikirləri SİA-ya politoloq Arzu Nağıyev deyib.

Politoloq qeyd edib ki, Rusiyanın apardığı xarici siyasətlə bağlı dəfələrlə BMT-də məsələ qaldırılıb: "Bu istər Suriya münaqişəsinə, istərsə də Ukraynada baş verən Donbas məsələsinə də şamil edilir. Yəni BMT-nin Təhlükəsizlik Şurasının əsas üzvlərindən olan Rusiya haqqında məhz münaqişə ocaqları ilə bağlı araşdırmaların aparılması nizamnaməyə uyğun gəlmir və bu da Rusiyaya irad tutulur. Ona görə də bu gün səsvermədən məhrum olunma məsələsi gündəmə gətirilib".

Arzu Nağıyev onu da bildirib ki, məsələ ətrafında bir sıra iddialar səslənsə də, bu, inandırıcı görünmür: "Çünki Rusiya hələ ki, super gücə malik bir dövlətdir və atom silahı potensialına malikdir. Digər iqtisadi sanksiyalar tətbiq etməklə və siyası ölçülər götürməklə Rusiyaya qarşı qərarlar qəbul edilsə də, səsvermədən məhrum etmə məsələsi ciddi görünmür".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə