Gəlinlər niyə evdən qaçır? SƏBƏBLƏRİ

Gəlinlər niyə evdən qaçır? SƏBƏBLƏRİ

Bu gün mətbuatda təəssüf ki, "Evli qadın qoşulub qaçdı", "Gənc ana 3 uşağını qoyub evdən getdi", xəbərlərlə tez-tez qarşılaşırıq. Bu cür addım atan qadını cəmiyyətə qınayanlar da, təqdir edənlər də olur. Əslində ailəli xanımların bu cür addım atmalarına əsas səbəb nədir?

Bu barədə SİA-ya açıqlama verən millət vəkili Elmira Axundova bildirib ki, bunun əsas səbəblərindən biri valideynlərdədir: "Çox təəssüf ki, bir çox hallarda valideynlər övladlarına heç bir təhsil vermədən evləndirir. Sonunda da acınacaqlı hallar yaşanır. Ən çox da qızlar hazırlıqsız, təhsilsiz ailə qurur Təhsil almayan, mənəvi dəyərləri anlamayan, analıq məfhumu haqda anlayışı olmayan insanın ailə qurması birmənalı şəkildə yanlışdır. Bunların da ən böyük günahkarı valideynlərdədir. Valideynlər övladlarını təsadüfi insanlarla ailə həyatı qurdururlar. Sonradan öyrənirlər ki, həmin şəxs içkiyə qurşanıb, narkotikadan istifadə edir və ya hər hansı bir pis xəstəliyin daşıyıcısıdır. Şükürlər olsun ki, hazırda ölkəmizin qanunları da buna qulluq edir. Belə ki, tibbi arayış olmadan gənclər nikaha girə bilməzlər. Ancaq valideynlər qızlarımızı ərə verməyə tələsirlər. Düşünürəm ki, valideynlər qızlarının taleləri ilə belə kobud formada oynamasınlar. Çünki sonda üzülən də özləri olacaq. Təəssüf ki, bizdə ailə həyatına hazırlıq yoxdur. Əvvəllər qızlara paltar tikməyi, evləri təmizləməyi, yemək hazırlamağı öyrədirdilər. Ancaq indi valideynlər qızlarını ərköyün böyüdür və nəticədə sabah gedəcəkləri evdə problemlərlə qarşılaşırlar. Biz də bütün çətinliklərdən də, kasıbçılıqdan da keçib bu səviyyəyə gəlmişik. Bu gün mənim həyat yoldaşım 10 ildir ki, ağır xəstədir. İndi mən onu atım qaçım xaricə? Bu tamamilə yanlış addım olar. Gecə-gündüz onun qulluğunda dururam. Ailə həyatı çətin də olsa şərəfli bir işdir. Onu hər zaman qorumaq lazımdır".

Psixoloq Dəyanət Rzayev isə qadınların evdən qaçmasının əsas səbəblərindən birinin mədəni inkişafdan geri qalmasında görür: "Bu gün bölgələrimizin mədəni həyatında, konsert salonlarında, muzeylərdə, kino teatrlarda bir o qədər də inkişaf yoxdur. Evdən qaçmaq qadının xarakterindən asılıdır. Bəzi qadınlar var ki, həddən artıq dözümlüdürlər. Nə baş versə də, uşaqlarını, ailəsini atmırlar. Bəzi qadınlar isə çox həssas olur və onları yaşadıqları hər hadisə təsirləndirir, müəyyən bir müddətdən sonra, o, məcbur olaraq ailədən, evdən uzaqlaşır. Artıq qadınlar da zorakılığa qarşı çıxıb öz hüquqlarını tələb edirlər. Qəbul edək ki, evdən qaçan xanımların əksəriyyətinin həyat yoldaşı onları qoyub Rusiyaya gedib. Onlar isə qaynana və qaynatanın təzyiqinə məruz qalırlar. Hansı ailəsində xoşbəxt olan qadın evdən qaçar? Bir sözlə valideynlər qızlarını ərə verməzdən əvvəl onlara yüksək təhsil verməli, ailə dəyərlərini aşılamalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə