Hikmət Babaoğlu: “Qərb özünü demokratiya müəllimi hesab edir” MÜNASİBƏT

Hikmət Babaoğlu: “Qərb özünü demokratiya müəllimi hesab edir” MÜNASİBƏT

"Publikanın gözü qarşısında canlı yayımda jurnalistin güllələnməsi faktı özü-özlüyündə böyük bir cinayətdir. Ümumiyyətlə motiv nə olursa-olsun jurnalistin ölümü baş veribsə, günah həmin dövlətin müvafiq güc və təhlükəsizlik strukturlarındadır". Bu fikirləri SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.

Baş redaktor bildirib ki, bənzər hadisə digər bir dövlətdə yaşansaydı, o zaman "söz və mətbuat azadlığının qoruyucusu" olan regional və beynəlxalq təşkilatların çoxsaylı bəyanatlarını eşidəcəydik: "Bununla yanaşı həmin beynəlxalq təşkilatlar hadisənin özünü siyasi manipulyasiyaya, siyasi istismar vasitəsinə çevirəcəkdilər. Baş verən hadisə bir daha onu göstərdi ki, dünyaya demokratiya dərsi keçən, özünü xüsusi bir institut kimi dünyaya təqdim edən dövlətlərin özlərində demokratiya ilə bağlı ciddi problemlər var".

Hikmət Babaoğlu onu da vurğulayıb ki, qərblilərin qiymətləndirmə kriteriyaları fərqlidir: "Bu yaxınlarda ölkəmizdə jurnalistlə bağlı yaşanan hadisə demək olar ki, ABŞ-da yaşanan hadisə prinsip etibarı ilə eynidir. Amma nəticədə gördük ki, bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda mətbuat azadlığının qorunmadığına dair bəyanatlar verdi, bu gün isə ABŞ-a qarşı susqunluq nümayiş etdirirlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev jurnalistlə bağlı məsələni şəxsi nəzarətinə götürdüyü halda, ölkəmizə qarşı təzyiqlərin ardı-arası kəsilmirdi. Bütün bunlar onu deməyə əsas verir ki, qərblilər Azərbaycan kimi ölkələrə etik davranmır, qeyri-obyektiv yanaşır, özlərini demokratiya müəllimi hesab edirlər".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə