Araz Aslanlı: “Türkiyə böyük risklərlə qarşı-qarşıyadır” AÇIQLAMA
"İndiki şəraitdə Türkiyə üçün seçki keçirmək çox çətindir. Çünki, kifayət qədər təhlükəsizlik problemləri yaşayır". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib.
Onun sözlərinə görə, ölkənin terrorla mübarizə apardığı bir vaxtda, terror təşkilatını dəstəkləyən HDP ilə müvəqqəti hökuməti formalaşdırması, hakim partiyanın mövqelərinə mənfi təsir göstərə bilər: "Türkiyənin təkrar seçkilərə getməsi məcburiyyətdən qaynaqlandı. Bildiyimiz kimi, iyundakı parlament seçkilərinin nəticələri heç bir partiyaya təkbaşına hökumət qurmağa imkan vermədi. Koalisiya müzakirələri isə uğursuzluqla nəticələndi. Belə olan şəraitdə təkrar seçkilər qaçınılmaz oldu. Hakimiyyət terrorla sərt mübarizə apararaq, ölkədə hakimiyyət boşluğunun yaranmasına imkan vermək istəmir. Müvəqqəti hökumətdə (seçki hökumətində) çox güman ki, HDP-nin də təmsil olunması (ən azı konstitusiya bunu tələb edir) hakim partiyanın mövqelərinə mənfi təsir edə bilər. Şərtlər hakim partiyanın lehinə deyil. Hakim partiya Kürd əsilli seçicilərin böyük əksəriyyətinin səsini itirib. Əvəzində digər seçicilərin səslərini cəlb edə biləcəkmi, bununla bağlı da suallar var. Baxmayaraq ki, hazırda Türkiyədə müəyyən iqtisadi problemlər var, uzunmüddət sabit iqtisadiyyatla ölkəni idarə etmələri hakim partiyanın lehinədir. PKK və İŞİD terroru ilə mübarizə çox çətindir. Çünki, hər iki terror təşkilatı kifayət qədər geniş şəbəkəyə və imkanlara malikdir. Beynəlxalq dəstəkçilərinin də çox olduğu güman edilir (ən azı imkanları onu göstərir). Ona görə də, Türkiyə üçün bu terroru tam bitirməkdən daha çox onun Türkiyəyə təsirlərini minimuma endirmək məsələsi gündəmdədir. Buna nə dərəcədə nail olacaqları ilə bağlı nəsə demək çətindir. Bu da əsasən qarşıdakı seçkilərin nəticələrindən asılı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB