YAP Şabran rayon təşkilatı hazırlıq işlərini genişləndirir

YAP Şabran rayon təşkilatı hazırlıq işlərini genişləndirir

"Ölkəmizdə keçirilən bütün seçkilərin qalibi olan Yeni Azərbaycan Partiyası (YAP) noyabrın 1-də keçiriləcək növbəti parlament seçkilərinə də ciddi şəkildə hazırlaşır". SİA-nın verdiyi məlumata görə, bunu YAP Şabran rayon təşkilatının və bu təşkilatın Seçki Qərargahının sədri Mehdi Balabəyov deyib.

O bildirib ki, rayon təşkilatının seçki qərargahının 11 nəfərdən ibarətdir. Artıq qərargah üzvləri arasında iş bölgüsü aparılıb.

Təşkilat sədri M.Balabəyov əvvəlki seçkilərdə olduğu kimi, bu seçkinin də yüksək səviyyədə baş tutacağına, şəffaflığın, ədalətin təmin olunacağına və parlament seçkilərinin beynəlxalq standartlara uyğun keçiriləcəyinə inamını ifadə etmişdir. Qeyd olunub ki, imza toplayan fəallar üçün treninqlər təşkil olunubdur: "8 nəfərdən ibarət imzatoplayan fəalı 54 saylı Şabran-Siyəzən Seçki Dairəsi üzrə Şabran rayonunda yaşayan sakinlərin imzalarını toplamaq üçün işə başlayacaq. Bununla əlaqədar imzatoplamada iştirak edəcək şəxslər imza vərəqələri nümunələri ilə tanış olmuş və onların doldurulması ilə əlaqədar məlumatlandırılıblar. Qeyd edim ki, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsi üzrə Şabran rayonunda 46 məntəqədə 28 min 851 seçici qeydiyyatdadır".

M.Balabəyov onu da vurğulayıb ki, seçki qərargahı aktiv fəaliyyət göstərir və parlament seçkilərinə yüksək səviyyədə hazırlaşır: "Qərargah üzvləri ilə mütəmadi görüşlər keçirilir və tövsiyələr verilir. Onu da əlavə edim ki, seçki kompaniyasının keçirilməsi ilə bağlı rayon təşkilatının böyük seçki təcrübəsi var".

YAP Şabran rayon təşkilatının seçki qərərgahının üzvü Seymur Qədəşov bildirib ki, YAP təşkil etdiyi uğurlu seçki kampaniyası nəticəsində bütün seçkilərdə qələbə qazanıb, biz də qərargah üzvləri olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq: "Bu gün inamla demək mümkündür ki, rayonumuz parlament seçkilərinə böyük coşqu və həvəslə gedir. Bu seçkilərdə də seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə öz hörmət və ehtiramlarını məhz seçki günündə bir daha nümayiş etdirəcəklər".

YAP Şabran rayon təşkilatının seçki qərərgahının üzvü Rahib Mərdanov da Azərbaycanın seçkilərlə bağlı qazandığı müsbət təcrübənin həm daxili, həm də xarici ekspertlər tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb: "Çünki Azərbaycan demokratik, dünyəvi dövlətdir və dövlətimizin qazandığı gözəl ənənələri, yüksək seçki mədəniyyətini Milli Məclisə seçkilərdə də nümayiş etdirəcəyik".

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə