Lənkəranda seçkilərlə əlaqədar kurslar keçirilir

Lənkəranda seçkilərlə əlaqədar kurslar keçirilir

Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"na müvafiq olaraq Milli Məclisə seçkilərlə əlaqədar Lənkəran rayonundakı dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün ixtisaslaşdırılmış kurslar keçirilir. SİA-nın Cənub bürosunun məlumatına görə, üç gün davam edəcək təlim məşğələləri maarifləndirici məqsəd daşıyır.

Avqustun 25-də - kursların ikinci günü şəhərin Heydər Əliyev Mərkəzində keçirilən seminar-treninqi giriş sözü ilə açan 73 saylı Lənkəran şəhər seçki dairəsinin sədri Kərim Heydərov Milli Məclis seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili barədə danışıb.

Daha sonra MSK-nın üzvü İlham Məmmədov "Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri"dən ətraflı söz açıb.

Tədbirdə həmçinin Lənkəran Rayon Məhkəməsinin sədri Elçin Kazımovun "Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri", Lənkəran rayon prokuroru Natiq Abdullayevin "Seçki subyektləri, seçki hüquqları pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri", Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəis müavini Əflatun Məmmədovun "Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında polis orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri", Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşovun " Seçki siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması, və s. bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu, onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması" mövzularında məruzələri dinlənilib.

Açıq disskusiya şəklində keçən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə