YAP Masallı rayon təşkilatında treninq keçirilib

YAP Masallı rayon təşkilatında treninq keçirilib

Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının Seçki Qərargahında noyabrın 1-də keçiriləcək növbəti parlament seçkilərində YAP tərəfindən irəli sürüləcək namizədlərin lehinə imza toplayacaq partiya fəallarına treninq keçirilib. SİA-nın verdiyi məlumata görə, toplantıda çıxış edən YAP Masallı rayon təşkilatının və seçki qərargahının sədri Seyfəddin Əliyev əvvəlcə parlamentin seçkilərinə hazırlıqla bağlı YAP tərəfindən görülən işlər haqqında məlumat verib.

O, qeyd edib ki avqustun 20-sində Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Cənub bölgəsi üzrə zona müşavirəsi keçirilib. Lənkəran şəhərində keçirilən müşavirədə parlament seçkilərinə hazırlıq işləri barədə ümumi məsələlər müzakirə edilib. Daha sonra S. Əliyev xatırladıb ki, Milli Məclisə seçkilərin təyin edilməsi haqqında Sərəncamı imzalandıqdan sonra YAP-dan irəli sürülən namizədlərin adları açıqlanacaq və bundan sonra qanuna müvafiq olaraq namizədlərin imzatoplama kampaniyasına start veriləcək.

Bu işdə imza toplayacaq partiya fəallarının üzərinə böyük məsuliyyət düşdüyünü deyən Seyfəddin Əliyev qeyd edib ki, bütün digər seçkilərdə olduğu kimi bu dəfə də ən qısa vaxtda və müvafiq sayda imzalar toplanıb təhvil verilməlidir. Bu sahədə YAP üzvlərinin zəngin təcrübəsinin olduğunu vurğulayan qərargah sədri imzatoplama prosesində daha məsuliyyətli, obyektiv olmalarını tövsiyə edib. Sonra qeyd olundu ki, YAP tərəfindən imza toplayacaq şəxslərin istifadə etməsi üçün təlimat kitabçaları hazırlanıb. Bu kitabçalarda qanunvericilikdə və MSK-nın təlimatlarında nəzərdə tutulan məsələlər öz əksini tapmışdır. Bu treninqin keçirilməsində məqsəd də burada yer alan məsələləri diqqətə çatdırmaq və onlara əməl etməkdir. Daha sonra tədbirdə müvafiq müzakirələr aparılıb və imza toplayacaq fəalların sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə