Sədaqət Vəliyeva: “İslamofobiyanın güclənməsi Avropa ölkələrinin özləri üçün təhlükəlidir” AÇIQLAMA

Sədaqət Vəliyeva: “İslamofobiyanın güclənməsi Avropa ölkələrinin özləri üçün təhlükəlidir” AÇIQLAMA

"Avropa ölkələrində islamofobiya, eləcə də, milli, irqi diskrinimasiya daim mövcud olub. Hətta, yeni və ən yeni tarixdə bəzi avropalı alimlərin, filosofların yaradıcılığında belə dini-etnik ayrı-seçkiliklərə rast gəlinir. Faşizm kimi "ölüm maşını" ideologiyasının da meydana gəlməsi ksenofobiyanın, diskrinimasiyanın nəticəsi idi. Son illər ərzində isə Avropada bu cür meyillər daha da güclənib". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Avropa ölkələrinin, xüsusilə də, Qərbi Avropa dövlətlərinin özlərinin timsalında "demokratik cəmiyyət" modeli təqdim etməsi cəhdləri islamofobiya, antisemitizm kimi tendensiyaların dərinləşməsi fonunda iflasa uğramaqdadır: "Doğrudur, müəyyən dövr ərzində Avropaya inteqrasiya etmək, Aİ-nin üzvü olmaq istəkləri tez-tez səslənirdi. Amma bu gün dünya ictimaiyyəti aydın şəkildə görür ki, "Avropa modeli" butaforadan başqa bir şey deyilmiş. Avropa siyasətçilərinin islamofobiya xəstəliyinə tutulması onların ayrı-ayrı müsəlman ölkələrinə qarşı qərəzli mövqeyindən də görünür. Xüsusilə də, Azərbaycanın inkişaf edən, dünyada müşahidə edilən sosial-iqtisadi və maliyyə böhranından az itki ilə çıxan ölkə kimi tez-tez Avropa institutlarının qərəzli mövqeyilə qarşılaşması, təhdidlərlə üzləşməsi buna əyani sübutdur. "Eurovision-2012" mahnı müsabiqəsi, I Avropa Oyunları zamanı nəinki Avropadakı təşkilatların, hətta, bir sıra "qoca" qitə ölkələrinin Azərbaycana qarşı qısqanc, qərəzli və qeyri-obyektiv mövqeyini müşahidə etdik. Bütün bunlar əlbəttə ki, bəzi Avropa siyasətçilərinin islamofobiya xəstəliyinə yoluxmasından irəli gəlir. Düşünürəm ki, islamofobiya tendensiyasının güclənməsi elə Avropa ölkələrinin özləri üçün təhlükəlidir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə