Parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsi hazırlıq işlərini yüksək səviyyədə davam etdirir. Kürdəmir Rayon şöbəsi üzvlərinin, partiya fəallarının və imza toplayanların iştirakı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin sədri Ağali Kərimli hazırlığın ilkin mərhələsi üzrə həyata keçirilən tədbirlərdən danışdı: "Qarşıdan respublikamızda mühüm siyasi kampaniya - parlament seçkiləri gəlir. Seçkilərə hələlik rəsmi start verilməsə də, ilkin hazırlıqlara başlanılıb. Bildiyiniz kimi, avqustun 18-də İsmayıllı rayonunda Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Şirvan bölgəsi üzrə rayon şöbələrinin qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar müşavirəsi keçirilib. Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsi üzvlərinin də iştirak etdiyi müşavirədə çıxış edən YAP sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasının Milli Məclisə keçiriləcək növbəti seçkilərə ciddi şəkildə hazırlaşdığını bildirib. Qeyd edib ki, bütün seçkilərdə olduğu kimi, bu dəfə də partiyamız bütün gücünü, resurslarını səfərbər edib. YAP-ın yerli strukturları, partiyanın fəalları seçkilərə hazırlıq prosesinə cəlb olunublar."
Tədbirdə Yeni Azərbaycan Partiyası M ərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsinin sədri Ağali Kərimli YAP sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədovun qarşıdakı dövrdə görüləcək işlərlə bağlı tövsiyə və tapşırıqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb. A.Kərimli qeyd edib ki, Kürdəmir rayon ərazisində 1 müstəqil, 2 müştərək olmaqla 3 seçki dairəsi, 72 seçki məntəqəsi fəaliyyət göstərir. "57 saylı Kürdəmir seçki dairəsi 41 seçki məntəqəsini, 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi 6 seçki məntəqəsini, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi 25 seçki məntəqəsini əhatə edir. Ümumilikdə isə 72 seçki məntəqəsində 62 min 335 seçicinin səs verəcəyi müəyyənləşdirilib, seçki məntəqələrinin ərazisində yaşayan seçicilərin siyahısının mütəmadi yeniləşməsi işi həyata keçirilir. İlk dəfə səs verənlərin siyahısı dəqiqləşdirilib."
YAP Kürdəmir rayon təşkilatının sədri diqqətə çatdırdı ki, seçkilərə hazırlığın ilkin mərhələsi olaraq təbliğat işinə həvəsi olan və səriştəli şəxslər cəlb etməklə, 19 nəfərdən ibarət seçki qərargahı, 30 nəfərdən ibarət təbliğat qrupu yaradılıb, 10 nəfərdən ibarət namizədin müdafiəsi üçün imzatoplayanlar müəyyənləşdirilib. Eyni zamanda, ərazi ilk partiya təşkilat sədrləri ilə mütəmadi görüşlər keçirilir.
A.Kərimli əminliklə bildirdi ki, YAP Kürdəmir rayon təşkilatı da əvvəlki seçkilərdə olduğu kimi, 2015-ci il parlament seçkilərinə hazırlıq işlərini hərtərəfli və yüksək səviyyədə başa çatdıracaq, Fəaliyyət Proqramına uyğun olaraq seçki kampaniyasını uğurla keçirəcək, ölkəmizdə artıq formalaşmış olan seçki mədəniyyətini, şəffaf və demokratik seçki mühitini əsas tutaraq ərazimizdə yaşayan seçicilər Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərdiklərini bir daha təsdiqləyəcəklər.
Tədbirdə qərargah üzvlərinə, deputatlığa namizədin müdafiəsi üçün seçici imzalarının toplanmasına cəlb edilmiş şəxslərə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının təlimat qaydaları haqqında kitabçaları paylayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB