“İslam Dövləti”ndən Suriya və İraqa zəhərli qaz hücumu

BMT aciz qaldığını etiraf edir
“İslam Dövləti”ndən Suriya və İraqa zəhərli qaz hücumu

Amerika kəşfiyyatı hesab edir ki, "İslam Dövləti" ("İD") terror təşkilatının silahlıları Suriya və İraqda kürd silahlı birləşmələrinə qarşı döyüşlərdə ötən iki həftə ərzində 3 dəfə qadağan olunmuş iprit adlı zəhərli qazdan istifadə ediblər. SİA-nın "The Wall Street Journal"a istinadın verdiyi xəbərə görə, BMT isə qadağan olunmuş qazın həqiqətən də istifadə olunması barədə monitorinq aparmaq gücündə olmadığını etiraf edib. Nəşrin yazdığına görə, ABŞ kəşfiyyatı bununla bağlı bəyan edib ki, "İD" ilk dəfə zəhərli qazı cari ilin iyul ayının sonlarında Suriyanın şimalındakı kürd silahlı birləşmələri ilə döyüşdə istifadə edib. Bundan sonra isə daha iki dəfə istifadə edilən kimyəvi hücum İraqın şimal hissəsində istifadə olunub. Bu dəfə də hədəf kürd silahlıları olub.

Qeyd edək ki, daha öncələr amerikalı rəsmilər bəyan etmişdilər ki, "İD" Suriyada iprit qazını əldə edib. Belə ki, hələ 2013-cü ildə Suriya hökuməti də etiraf etmişdi ki, onların arsenalında insanın dərisini ani vəziyyətdə çürüdən kimyəvi silah mövcuddur. Lakin bu qazın İraqda da əldə edilnəsi istisna olunmur.

Bu arada İraq kürdlərinin lideri Məsud Bərzani CNN telekanalına müsahibəsində bildirib ki, "İD" terrorçuları Mahmur şəhərində peşmərgə kürd silahlıları ilə döyüşlərdə iprit qazından istifadə ediblər. Bunun nəticəsində 60 peşmərgə silahlısı ağır yaralanıblar. Sağ qalanlar isə deyiblər ki, bugünə qədər heç vaxt bu kimi qaz hücumuna məruz qalmayıblar.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə