Hikmət Babaoğlu: “Həmkarımızın faciəsini siyasi istismar vasitəsinə çevirməyək” MÜNASİBƏT

Hikmət Babaoğlu: “Həmkarımızın faciəsini siyasi istismar vasitəsinə çevirməyək” MÜNASİBƏT

"İstənilən peşə sahibi məişət zəminində yaxud da ictimai-sosial zəmində hər hansı konfiliktdən, bədbəxt hadisədən sığortalanmayıb. Biz buna təəssüf etsək də, cəmiyyətin öz qanunları var və o, diktə edən tərəfdir". Bu fikirləri SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu jurnalistin ölümü ilə bağlı bəzi mətbu orqanlarda yayılan siyasiləşdirilmiş informasiyalara münasibətini bildirərkən deyib.

Baş redaktor qeyd edib ki, biz vaxtaşırı hansısa formada bu və ya digər cinayət əməllərinin şahidi olacağıq: "Jurnalist peşəsinin daşıyıcıları olaraq bizlər də ən müxtəlif hadisələrlə qarşılaşa bilərik. Çox üzücüdür ki, bu günlərdə bir həmkarımız fiziki zorakılıqla üzləşib və bu cinayət ölümlə nəticələnib. Bu olduqca faciəvi bir hadisədir və mütləq cinayəti törədənlər layiqli cəzalarını almalıdırlar. Məsələ ilə bağlı hüquq mühafizə orqanları və Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi hörmətli Əli Həsənov öz fikirlərini olduqca dəqiq ifadə edib. Bunun da nəticəsi olaraq əminik ki, bu cinayət hadisəsi diqqətlə araşdırılacaq və onu törədənlər çox ciddi şəkildə cəzalandırılacaqlar. Biz jurnalistlərin üzərinə düşən ictimai məsuliyyət isə odur ki, həmkarımızın faciəli həyatına hörmət əlaməti olaraq məsələni süni şəkildə siyasi istismar vasitəsinə çevirməyək. Heç bir cəmiyyət belə xoşagəlməz hadisələrdən sığortalanmayıb".

Hikmət Babaoğlu onu da qeyd edib ki, məsələ ilə bağlı Ölkə başçımız öz qəti mövqeyini bildirib və müvafiq orqanlara xüsusi tapşırıqlarını verib və bu barədə də rəsmi informasiya yayılıb: "Azərbaycan Prezidenti bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir. Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir. Cənab Prezident bundan sonra da Azərbaycanda fundamental insan hüquq və azadlıqlarının, həmçinin söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin müstəqilliyinin və xüsusilə jurnalist fəaliyyətinin təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlərin şəxsi nəzarəti altında davam etdiriləcəyini bildirib. Əminik ki, bu cinayət hadisəsi diqqətlə araşdırılacaq və onu törədənlər çox ciddi şəkildə cəzalandırılacaqlar".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə