Politoloq: “Sarkisyan payızda istefaya göndəriləcək" MÜSAHİBƏ

Politoloq: “Sarkisyan payızda istefaya göndəriləcək" MÜSAHİBƏ
Politoloq Qabil Hüseynlinin SİA-ya müsahibəsi

- Ermənistanda baş verən etiraz aksiyaları artmaqdadır. Belə ki, elektrik enerjisinin qiyməti yenidən qalxıb. Sizcə, Ermənistan hökumətinin atdığı bu addım cəbhədə vəziyyəti gərginləşdirə bilərmi?

- Düşünürəm ki, bu etirazlar cəbhədəki vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Çünki, ölkə daxilində bir qayda olaraq müxalifətin yaxud da sıravi vətəndaşların hökumətə qarşı etirazlarını diqqətdən yayındırmaq üçün Sarkisyan rejimini daimi sərhəd boyu, təmas xəttində atəşkəsi çox pozur. Bununla da ölkənin müharibə vəziyyətində olduğunu və Azərbaycanın hücuma keçəcəyi təəssüratını yaratmağa çalışır. Sarkisyan və onun ətrafındakılar bu məsələdə çox hiyləgərlik göstərərək sərhəddə müxtəlif təxribatlar təşkil etməklə fikiləri yayındırmağa çalışırlar. Buna görə də, Ermənistanda həm müxalifət, həm də yeridilən sosial siyasətə qarşı etiraz edən şəxslərin mübarizəsi hədəfə çatmır, etiraz dalğaları kölgədə qalmış olur.

İndi də elektrik enerjisi qiymətinin qalxması əhalinin etirazına səbəb olub. Buna müxalifətin dəstək olması onu göstəri ki, etiraz daha geniş vüsət ala bilər. Biz sərhəddə daha ayıq-sayıq olmalıyıq. Sərhəddə ermənilərin təxribatı da arta bilər. Hətta vertolyot hücumunun, sərhəddə hərbi təlimlərin keçirilməsinə də gətirib çıxara bilər. Onaların əsas məqsədi bu kimi yollarla əhalinin başını qatmaqdan ibarətdir.

- Ermənistandakı kütləvi itaətsizlik Serj Sarkisyanın vaxtından əvvəl istefa verməsinə gətirib çıxara bilərmi?

- Artıq bu fikir bir ildir ki, Ermənistanın gündəliyindədir. Müxalifət də söyləmişdi ki, may ayına qədər Sarkisyanı istefaya göndərəcəyik və onun yerinə başqa biri olacaq. Hətta həmin insanın adını da çəkirdilər. Ancaq görünür Sarkisyanın Moskvadan aldığı dəstək böyükdür. Bunun hesabına da Sarkisyan hələ ki, hakimiyyətdə qala bilir. Bunu müxalifət liderləri, yerli əhali və ziyalılar da söyləyir. Ola bilsin ki, Sarkisyan istefaya göndərilsin".

- Deməli, Ermənistanda baş verən hadisələr daha da acınacaqlı olacaq?

- Hazırda vəziyyət olduqca gərgindir. Amma hadisələr payıza doğru daha da gərginləşəcək. Növbəti aylarda Sarkisyanın istefaya göndəriləcəyini düşünürəm.

- Sizcə, Rusiyanın Sarkisyanı əvəz edəcək başqa namizədi kim ola bilər?

- Rusiyanın adamı kimi Koçaryan da Ermənistanın prezidentliynə iddialıdır. Amma Dağlıq Qarabağ planı olduğu üçün Koçaryanı hakimiyyətə qoymazlar. Onlar bir iş adamı üzərində dayanıblar. Həmin biznesmenin Moskvada və Ermənistanda da sərmayəsi var. Xüsusilə diqqətinizə çatdırım ki, həmin şəxs müxalifətə meyllidir.

- Həmin şəxsin hakimiyyətə gəlməsi Dağlıq Qarabağ probleminin həll olunmasına təkan verə bilərmi?

- Xüsusilə diqqətinizə çatdırım ki, Dağlıq Qarabağ probleminin həlli Ermənistandan çox Rusiyanın mövqeyindən asılıdır. Ona görə də biz son zaman Ermənistanla danışıqlara bir o qədər də əhəmiyyət vermirik. Əsas qüvvəni Rusiyaya çevirmişik. Ermənistan Rusiyanın bir quberniyasıdır. Quberniyanın da öz müqəddəratını təyin etmək hüququ yoxdur. Təbii ki, hər şey Rusiyanın əlindədir. Problemin həllini Rusiya vasitəsilə həll etməyə çalışmalıyıq.

Bütün xəbərlər Facebook səhifəmizdə