“Avrasiya Hərəkatı”nın yaradılması seçki öncəsi qurulmuş məqsədli plandır AÇIQLAMA

“Avrasiya Hərəkatı”nın yaradılması seçki öncəsi qurulmuş məqsədli plandır AÇIQLAMA

Bu günlərdə bəlli olub ki, müxalifətdə üzdə görünməyən daha bir qrup parlament seçkiləri öncəsi siyasi hərəkat yaratmaq qərarına gəlib. Adı "Avrasiya Hərəkatı" kimi müəyyənləşdirilən bu qurumun yaradılmasında əsas təşəbbüskar kimi isə vaxtilə ADP- Ədalət partiyalarının koalisiyasında olmuş, həmçinin, ADP-nin Ali Məclisinin sədri vəzifəsini icra etmiş "general" ləqəbli İlqar Qasımovdur. Belə ki, daha sonrakı illərdə Rusiyaya köçərək, orada ədliyyə sistemində işə girmişdi. O da bəllidir ki, İlqar Qasımov hər zaman Rusiyanın xüsusi xidmətlərinə işləyən bir insan kimi tanınıb.

Məsələ ilə bağlı SİA-ya açıqlama verən Azadlıq Hərəkatçıları Birliyinin (AHB) sədri Təhmasib Novruzov bildirib ki, indiyə qədər müxalifətdə yaranan digər qurumlar kimi, "Avrasiya Hərəkatı"nı da Azərbaycan xalqına, dövlətçilik maraqlarına və Azərbaycanın milli menafeylərinə xidmət edəcəyini güman etmək sadəlövhlük olardı: "Əgər burada əsas fiqur kimi İlqar Qasımov kimiləri dayanırsa, onda bəri başdan demək mümkündür ki, bu ölkəmizə qarşı seçkilər öncəsi qurulmuş məqsədli plandır. Yəni bu qüvvələr kənardan digər qüvvələrin əli ilə məqsədli şəkildə ortaya salınmış şəxslərdir. Onlardan Azərbaycana qarşı istifadə edirlər".

AHB sədri "Avrasiya Hərəkatı"nın yaradılması ideyasını digər bir amillə - "Avrasiya İttifaqı" ilə əlaqələndirərək deyib ki, reallıqda Avrasiya İttifaqının yaradılması Rusiya tərəfinin təşəbbüsü olub. Həmin təşəbbüs arxasında isə SSRİ-nin bərpası planı dayanıb: "Bu da əslində keçmiş SSRİ-nin müəyyən bir formada bərpasına aparıb çıxaran yolun başlanğıcıdır. Ona görə də düşünürəm ki, "Avrasiya Hərəkatı" adı altında yaradılması planlaşdırılan qurum ideyası da məhz bu məqsədə xidmət etmək üçün ortaya atılıb".

İlqar Qasımovun Azərbaycan mənafeylərinə xidmət edən insan olmadığını deyən. T. Novruzov vurğulayıb ki, əgər bir hərəkatın başında duran şəxs xalqının mənafeyinə xidmət edən adam deyilsə, bu zaman həmin qurumdan ölkənin gələcəyi üçün müsbətə doğru nə isə gözləmək mümkün deyil: "Hesab edirəm ki, sözügedən təşəbbüs Azərbaycan xalqının içindən, marağından, yaxud da siyasi sifarişindən doğmayan bir ideyadır. Azərbaycan xalqının içindən doğmayan bir ideya heç vaxt qalib gələ biməz. Bu gün həmin şəxslərin – xüsusilə İlqar Qasımov deyilən bir siyasi fitnəkarın və ona təlimatlandıran bəzilərinin istəkləri baş tutan deyil. Ona görə də düşünürəm ki, "Avrasiya Hərəkatı" yaransa belə, onun siyasi proseslərə təsir göstərəci mükün deyil".

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə