Penitensiar xidmət jurnalistləri təbrik edib

Penitensiar xidmət jurnalistləri təbrik edib

Bu gün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində milli mətbuatın 140 illik yubileyi ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov, Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, media orqanlarının rəhbərləri və jurnalistlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan Penitensiar xidmətin rəis müavini Hüseyn Əlixanov bildirib ki, söz və məlumat azadlığı, fikir plüralizmi müasir cəmiyyətlərin demokratik inkişafının əsas parametrlərindən birini təşkil edir: "Bu da təsadüfi deyil. Çünki söz və məlumat azadlığı hər şeydən öncə obyektiv həqiqətin üzə çıxarılmasında və tam demokratik idarəetmənin təmin olunmasında Azərbaycan Respublikası da demokratik dəyərlərə sədaqət nümayiş etdirən bir dövlət kimi söz və məlumat azadlığının tam təmin olunmasını, müstəqil mətbuatın inkişafını özünün prioritetlərindən biri elan etmişdir.

Lakin çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müstəqilliyin ilk illərində bu ümdə amala çatmaq, mətbuatın azadlığını təmin etmək mümkün olmadı. Mövcudluğunu qoruyub saxlamağa çalışan o zamanki siyasi hakimiyyət çıxış yolunu yeni təşəkkül tapmaqda olan müstəqil mətbuata təzyiqləri gücləndirməkdə görürdü. O zamanki ölkə rəhbərinin 15 aprel 1993-cü il tarixli sərəncamı ilə hərbi vəziyyətlə bağlı senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara aid edilərək jurnalistlərin sərbəst informasiya fəaliyyətini daha da sərtləşdirdi. Azərbaycanda söz və məlumat azadlığının təmin olunması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır".

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında "Əkinçi" qəzetinin Azərbaycan milli mətbuatı üçün yeni mütərəqqi ənənələr formalaşdırdığını diqqətə çəkərək mətbuatımızın müxtəlif tarixi mərhələlərdə keçdiyi inkişaf yolundan söz açıb. Mətbuatla bağlı dünyada 4 nəzəriyyənin mövcud olduğunu diqqətə çatdıran Əflatun Amaşov müstəqillik illərində Azərbaycanda məhz sosial məsuliyyət prinsipi ilə çalışan, yüksək söz və mətbuat azadlığı şəraitində fəaliyyət göstərən müstəqil və demokratik medianın formalaşdığını diqqətə çatdırıb. O, Mətbuat Şurasının mətbuat-dövlət, mətbuat-cəmiyyət münasibətlərinin sivil qaydada tənzimlənməsi və reket jurnalistikaya qarşı mübarizə sahəsində gördüyü işlər barədə də məlumat verib.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında tədbir iştirakçılarını salamlayaraq əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan milli mətbuatının şərəfli inkişaf yolu keçdiyini bildirib.Azərbaycan milli mətbuatının inkişafını əsasən 4 mərhələyə bölmək olar: "Əkinçi" qəzetindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasınadək olan dövr; Cümhuriyyət dövrü; sovet dövrü; müstəqillik dövrü. Azərbaycan mətbuatının ən yüksək inkişaf dövrü məhz sonuncu mərhələdə - Azərbaycanın dövlət müstəqilliyinin bərpası və ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir".

Fondun icraçı direktoru KİV-ə dövlət qayğısının sistemli və ardıcıl şəkildə həyata keçirilməsi məqsədilə ölkə başçısının 2008-ci ildə imzaladığı müvafiq sərəncamla Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasının təsdiq edildiyini xatırladıb. Vüqar Səfərli, həmçinin Konsepsiyadan irəli gələn vəzifələrin gerçəşləşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını qeyd edib.

Tədbirdə çıxış edən "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı milli mətbuatmızın tarixi inkişaf mərhələlərinə dolğun nəzər salaraq qarşıda duran vəzifələrdən danışıb.

Tədbiri yekunlaşdıran ədliyyə general-mayoru Hüseyn Əlixanov jurnalistləri bundan sonra da milli maraqların müdafiəsində əzmlə dayanmağa, dövlətçilik mənafeyindən çıxış etməyə çağırıb. Sonda bir qrup jurnalistə məhbusların əl işlərindən ibarət olan toxunma xalça təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə