“Milli dövlətçilik təfəkkürünün başlanğıcı”

Qaradağ rayonunda dəyirmi masa keçirilib
“Milli dövlətçilik təfəkkürünün başlanğıcı”

Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 46-cı ildönümü ilə əlaqədar Qaradağ rayonunda "Milli dövlətçilik təfəkkürünün başlanğıcı" mövzusunda "dəyirmi masa" keçirilib. Əvvəlcə tədbir iştirakçıları rayonun Lökbatan qəsəbəsində Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov tədbirdə ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan rəhbərliyinə gəlişinin milli tariximizə unudulmaz bir gün olaraq yazıldığını qeyd edib. Bildirilib ki, Heydər Əliyev qüdrətli dövlət xadimi, təcrübəli siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də, hətta dünyada sivil bir respublika kimi tanıdıb. Onun iqtisadi siyasətinin ana xəttini qeyri-neft sektorunun çoxşaxəli, sürətli və səmərəli inkişafı təşkil edirdi. Heydər Əliyevin yorulmaz, fasiləsiz və məqsədyönlü fəaliyyəti, həyata keçirdiyi tədbirlər bugünkü müstəqilliyimiz, iqtisadi gücümüz üçün təməl addımlar olub.

Tədbirdə digər çıxış edənlər Ulu Öndərin hakimiyyətə gəlişindən sonra respublikada sənaye, kənd təsərrüfatı, mədəniyyət sahələrində intibah dövrünün başlandığını vurğulayıblar. Qeyd edilib ki, Azərbaycan Ulu Öndərin rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet respublikaları arasında qabaqcıl yerə çıxıb. O dövrdə həyata keçirilən tədbirlər müstəqil Azərbaycanın bu gününə xidmət edib. Həmin tarixdən 46 il keçməsinə baxmayaraq, xalqımız Ulu Öndərimizin uzaqgörən, elmi-iqtisadi cəhətdən əsaslandırılmış siyasətinin bəhrəsini görür, bu məktəbin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın firavan gələcəyinə zəmin yaradan siyasəti dəstəkləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə