Sentyabr ayında Prezidentlər görüşəcəklər AÇIQLAMA

Elman Nəsirli: “Həmsədlər bu görüşü təşkil etməklə öz işlərini bitmiş hesab edirlər”
Sentyabr ayında Prezidentlər görüşəcəklər AÇIQLAMA

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tam bir passivlik müşahidə edilir. Məhz bu kimi amilləri ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və ya Ermənistanda son vaxtlar baş verən hadisələrlə bağlı hesab etmək olarmı? Sözügedən suallarla bağlı siyasi Elmlər doktoru, politoloq Elman Nəsirliyə müraciət etdik.

Politoloq bildirdi ki, münaqişənin həllinin uzanmasının başlıca günahkarı ATƏT-in Minsk qrupunun həmsədridir: "ATƏT-in Mins qrupunun yaranması tarixdən bu günə qədər fəaliyyətinə qiymət versək, o zaman bu qurumun işini daha çox fəaliyyətsizlik kimi dəyərləndirmək olar. Həmsədrlər bu günə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan prezidentlərinin 50-yə yaxın görüşünü təşkil ediblər. Yəni bu görüşlərin keçirilməsinə baxmayaraq, ATƏT-in nəticə baxımından öyünməyə heç bir əsası yoxdur. Amma kəmiyyət baxımından ATƏT özündən məmnundur. Düzdür, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona çoxsaylı səfərlər edirlər, prezidentlər və xarici işlər nazirləri səviyyəsində görüşlər təşkil edirlər, amma Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəli sürdükləri bütün təklifləri Ermənistan faktiki olaraq rədd edir. Bunun cavabında ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana münasibətdə hansı addımı atıb və hansı kəsərli davranış nümayiş etdirib? Həmsədrlər işğalçı ölkəyə qarşı heç bir addımı atmayıb, iqtisadi, siyasi sanksiyaların tətbiq olunması təşəbbüsləri ilə çıxış etməyiblər. Bu da onların münaqişənin həllinə ikili yanaşma nümayiş etdirdiklərini göstərir".

E.Nəsirli qeyd etdi ki, yenidən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinin olacağı ilə bağlı məlumatlar var: "Eyni zamanda bu ilin sentyabr ayında BMT-nin Baş Məclisində həmsədrlər münaqişə tərəflərinin prezidentlərinin görüşünü təşkil etmək istəyirlər. Demək olar ki, həmsədrlər bu görüşü təşkil etməklə öz işlərini bitmiş hesab edirlər. Bir sözlə, həmsədrlərdən, səfərlərdən və danışıqlardan başqa heç nə gözləmək mümkün deyil".

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə