"Mənim AXCP-dən uzaqlaşdırılmağımın əsas səbəbi Əli Kərimliyə heç də yaxşı təsir bağışlamayan fikirlər söyləməyim olub. Hər iclasda deyirdim ki, partiyada yenilik olmalıdır, xalqa yalan vədlər verməyə son qoymaq lazımdır. Partiya rəhbərliyi isə öz siyasətində dəyişiklik etmək əvəzinə məni və mənim kimi düşünənləri partiya sıralarından çıxarmağa üstünlük verdi". Bu fikirləri SİA-ya açıqlamasında AXCP-nin Nərimanov təşkilatının sabiq şöbə müdiri, partiyadan qovulan Ağaşirin Tanrıverdioğlu deyib.
Ağaşirin Tanrıverdioğlu qeyd edib ki, partiyada yenlik olmalıdır fikrimin qurbanı oldum: "Bundan sonra Əli Kərimli öz qoçularını üstümə salıb məni döydürdü. Uzun illərdir mən də AXCP də günahın içində olmuşam. 23 ildir ki, ancaq yalan vədlər verməkdən başqa bir işə yaramamışıq. Seçkidən seçkiyə 3-5 adam başımıza yığıb ancaq yalanlar söyləmişik. Bu baxımdan da hesab edirəm ki, AXCP də başda Əli Kərimli olmaqla bütün Rəyasət Heyəti dəyişməlidir. Əks halda bundan ziyan çəkənlər hələ çox olacaq. Əli Kərimlinin ətrafında olanların hamısı boğaza qədər günahın içindədirlər. Mən bu günlərdə bildiyim bütün faktları mətbuat vasitəsilə cəmiyyətə açıqlayacam. O zaman bunların kim olduğunu daha yaxşı biləcəksiniz".
Qeyd edək ki, AXCP-nin Nərimanov təşkilatının sabiq şöbə müdiri, partiyadan qovulan Ağaşirin Tanrıverdioğlu iyulun 1-də axşam saatlarında döyülüb. O partiyadaşı, qurumun Rəyasət Heyətinin üzvü Sahib Kərimli tərəfindən fiziki təzyiqlərə məruz qaldığını bildirib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB