Rusiyanın bu qərarına Baltik ölkələrindən SƏRT REAKSİYA

Rusiyanın bu qərarına Baltik ölkələrindən SƏRT REAKSİYA

Rusiya Federasiyası baş prokurorluğu Sovetlər Birliyi tərəfindən Latviya, Litva və Estoniyanın müstəqilliyinin tanınmasına dair qanuni tənzimləməni araşdırmağa başlayıb. Rusiyanın bu addımına Baltik ölkələri olduqca sərt reaksiya göstərib. SİA-nın məlumatına görə, Litva xarici işlər naziri Linas Linkevicius jurnalistlərə verdiyi açıqlamasında Rusiyanın sözügedən araşdırmasını təxribat adlandırıb. Linkevicius qeyd edib ki, Əslində bu bir qanuni, əxlaqi və siyasi axmaqlıqdır: "Təəssüf ki, son zamanlar bu cür hadisələr təkrarlanır. Ümid edirəm ki, yaxın zamanda bu mənasız və axmaq vəziyyətdən xilas olarıq".

Hadisə ilə əlaqədar Latviya və Estoniya xarici işlər nazirlikləri tərəfindən edilən rəsmi məlumatda isə qeyd edilib ki, Rusiyada başladılan bu cəhd qəbul edilə bilməz və absurddur.

Verilən açıqlamalarda həmçinin bunu Rusiyanın bir növ Krımın ilhaqını qanuni göstərmək üçün etdiyi də bildirilir. Rusiyanın Baltik ölkələrinin müstəqilliyinə bağlı hücumu Moskvanın keçən il ilhaq etdiyi Krımın 1954-cü ildə Rusiyadan ayrılıb Ukraynaya bağlanmasının da hüquqi olmadığını iddia etmək üçün siyasi bir cəhd olaraq şərh olunur. Beləcə, görünən odur ki, Rusiyanın Krımı ilhaqı da qanuni zəminə çəkiləcək. Hazırda rəsmi Moskva hər iki qərarın da hüquq çərçivəsində olduğunu bildirib və mövzunun təkrar müzakirə edilməməsini tövsiyyə edib.

Qeyd edək ki, 1940-cı illərdə Sovetlər Birliyinə qatılan Baltik ölkələri müstəqilliklərini 1990-ci ildə elan etmişdi və Rusiya 1991-ci ildə bu gün Avropa Birliyi və NATO üzvü olan Litva, Latviya və Estoniyanın müstəqilliklərini tanımışdı.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə