Son illər dünyada qəribə tendensiya yaranıb: yerləşdiyi coğrafi məkandan asılı olmayaraq, istənilən ölkədə keçirilən seçkilərə dair beynəlxalq ictimai rəyi Amerika formalaşdırır. Məhz ABŞ-ın təhriki ilə beynəlxalq təşkilatlar seçkilərin nəticələri elan olunmamış, səslər hesablanmamış, hətta, məntəqələr belə bağlanmamış verdikt verməyə başlayırlar. Sonra isə sifarişçinin özü üzə çıxır və beynəlxalq təşkilatların "rəyinə" əsasən seçkiləri ya pisləyir, ya da tərifləyir. Bu, təbii və haqlı sual doğurur –dünya "jandarmı" rolunu üzərinə götürməyə çalışan ABŞ-ın özündə seçki proseduru o qədərmi idealdır? Və başqa dövlətlərdəki seçkilərin nəticələrinin legitim olub-olmadığını müəyyənləşdirmək səlahiyyətini Vaşinqtona kim verib?
SİA-nın xəbərinə görə, bu sualın olduqca aktual səslənməsi, ilk növbədə, onunla bağlıdır ki, ABŞ-ın özünün seçki sistemi olduqca antidemokratik və ədalətsiz məqamları ilə diqqət çəkir. Bu sistemin köhnəldiyini və əsaslı islahatlara ehtiyacı olduğunu Amerika ictimaiyyəti də yaxşı dərk edir, lakin ölkənin siyasi elitası islahatlara getməyə tələsmir. Çünki bu sistem məhz həmin elitanın maraqlarına xidmət edir. İlk növbədə onu qeyd edək ki, bu ölkədə prezidenti birbaşa xalq deyil, elektorat tərəfindən müəyyənləşdirilən seçici kollegiyaları seçir. ABŞ konstitusiyasına görə, bu kollegiyaların mütləq əksəriyyətinin səsini qazanan, yəni 270-dən az səs toplamayan namizəd prezident seçilir. Beləliklə, 320 milyon əhalisi olan ABŞ-da prezidenti xalq yox, 538 nəfər seçici kollegiyası seçir.
Üstəlik, bəzən kollegiyaların yalnız təmsil etdiyi partiyaya deyil, hətta rəqib partiyaya da səs verməsi hallarına rast gəlinir ki, bunu da normal məntiqlə izah etmək mümkün deyil.
Daha bir qeyri-demokratik məqam ondadır ki, hansısa namizəd ölkə miqyasında daha az seçicilərin səsini toplasa da,seçici kollegiyaların əksəriyyətinin dəstəyini qazanmaqla prezident seçilə bilər. Məsələn, 1876-cı ildə keçirilən prezident seçkilərində Respublikaçıların namizədi Raterford Heyz rəqibi demokrat Samuel Tildeni 1 seçici kollegiyası qabaqlayaraq qalib olmuşdu. Halbuki, seçicilərin əksəriyyəti Tildeni dəstəkləmişdi - R.Heyzə seçicilərin 47.95 %, S.Tilden isə 50.97 %-i səs vermişdi. Amma bu, R.Heyzin prezident "seçilməsi"nə mane olmadı.
12 ildən sonra bu hal bir daha təkrarlandı. Bu dəfə də seçicilərin 47%-nin səsini qazanmış respublikaçı Benjamin Harrison 48%-dən çox səs almış rəqibi Qrover Klivlendə "qalib gəldi". Çünki seçicilərin dəstəklədiyi Qrover 168 kollegiyanın dəstəyini aldığı halda, Harrison 223 kollegiyadan dəstək aldı.
Sonuncu dəfə bu cür absurd vəziyyət artıq bizim zamanımızda yaşandı. 2000-ci ildə demokrat Albert Qora daha çox seçici səs verdiyi halda, prezident kürsüsünü Corc Buş tutdu.
Bu cür qeyri-müəyyən və ədalətsiz sistemin mövcudluğu, təbii ki, birbaşa seçicilərin hüquqlarının pozulması deməkdir. ABŞ-ın seçki ənənəsinə olan tənqidlərin başqa bir ünvanı "səslər qalibə verilir" prinsipidir. Əgər hər hansı bir ştatda, misal üçün 55 seçici kollegiyasının olduğu Kaliforniyada namizədlərdən biri 30 kollegiyanın dəstəyini qazanırsa, rəqibin aldığı 25 seçici kollegiyasının səsi onun əlindən alınır və daha çox səs toplayan namizədə verilir. Bundan başqa, siyasi plüralizmin olmaması, seçicilərin qeydiyyatında çoxsaylı qanun pozuntularının qeydə alınması da ABŞ "demokratiyasının" dəyərlərindəndir.
Bu azmış kimi, beynəlxalq müşahidəçilərin ABŞ-da səsvermə prosesinin izləməsinə də imkan verilmir. Misal üçün, 2012-ci il prezident seçkiləri zamanı Texas ştatının baş prokuroru Qreq Ebbot ATƏT-dən olan müşahidəçilərə seçki məntəqələrinə 30 metrdən çox yaxınlaşmağı qadağan etmişdi. Buna məhəl qoymayan beynəlxalq müşahidəçilərə isə həbs olunacağı barədə xəbərdarlıq edilmişdi. Ştatın baş prokuroru beynəlxalq müşahidəçilərin xidmətində maraqlı olmadığını açıq bildirmişdi və hamının nəzərinə çatdırmışdı ki, "ATƏT-in seçkilər barədə öz münasibəti ola bilər, lakin bu mövqenin ABŞ-da heç bir hüquqi əsası yoxdur ".
Bütün bunlar ABŞ-ın bütün dünyaya "örnək" saydığı demokratiya ənənəsinin bir hissəsidir. Bu ənənəyə diqqət yetirdikdə, məqalənin əvvəlində səslənmiş sualı bir daha təkrarlamaq məcburiyyətində qalırıq - başqa dövlətlərdəki seçkilərin nəticələrinin legitim olub-olmadığını müəyyənləşdirmək səlahiyyətini Vaşinqtona kim verib?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB