
"Azərbaycana birinci dost ölkə, əlbəttə ki, Türkiyədir, ikinci Pakistan və üçüncü ölkə Rusiyadır". Bunu SİA-ya acıqlamasında BMAM sədri Rufiz Qonaqov bildirib: "Aydın məsələdir ki, Türkiyə ilə dinimiz, dilimiz birdir. Pakistan ona görə dostdur ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə olub və eyni zamanda bu gün da Ermənistanın müstəqilliyini tanımır. Rusiya ilə isə keçmiş SSSRİ məkanında bir ittifaqda yaşamışıq və indi ölkələrimizin arasında çox yaxşı münasibətlər var. Ümumiyyətlə, azərbaycanlıların böyük əksəriyyəti Rusiyada ticarətlə məşğuldur. O baxımdan Rusiya bizim ən böyük şimal qonşumuzdur, həm də Azərbaycanla Rusiya arasında iqtisadi və mədəni, eləcə də digər sahələrdə əlaqələr mövcuddur".

Millət vəkili Musa Qasımlı hesab edir ki, ilk üçlükdə Türkiyə, Böyük Britaniya və Pakistan dayanır: "Türkiyə ona görə dost ölkədir ki, 1991-ci ildə dövlət müstəqilliyimiz ilk tanıyan ölkədir. Böyük Britaniyanı ona görə yaxın hesab edirəm ki, 1920-ci yanvarın 11-də Dövlət Müstəqilliyinin tanınmasında Böyük Britaniyanın rolu olub. Pakistan isə bizim müstəqilliyimizi ilk tanıyan dövlətlərin cərgəsində olub".

ASDP sədri Araz Əlizadə isə deyib ki, dostun ilki və sonuncusu olmur: " Dost ya var, ya da yoxdur. Hansı dövlət Azərbaycanın suverenliyini tanıyır və maraqlarına hörmət edir onlar dost ölkələrdir".

Millət vəkili Çingiz Qənizadə qeyd edib ki, Türkiyə Azərbaycanın həmişə yanındadır və belə da olacaq. O həm də hesab edir ki, Gürcüstanla da münasibətlərimiz çox normaldır: "Gürcüstan-Azərbaycan münasibətlərində gərginlik yoxdur və həmişə bir-birimizə dəstək olmuşuq. İndi orta Asiya respublikalarından olan Qazaxıstandan Azərbaycana dəstək hiss edirik. Mən bu yaxınlarda Qazaxıstanda keçirilmiş prezident seçkilərində beynəlxalq müşahidə missiyasının rəhbəri idim və orda rəsmi şəxslərlə görüşdüm. Hesab edirəm ki, Qazaxıstan da Azərbaycana dost ölkələr sırasındadır".

Millət vəkili Fəzail Ağamalı ilk olaraq Türkiyə və Pakistanı dost ölkə kimi qəbul edir: "Digər ölkə mənim ağlıma gəlmir. Türkiyə bizim qardaş ölkədir, dinimiz, dilimiz, kökümüz, soyumuz birdir. Onlar Azərbaycanı canı qədər sevir, biz də onları qardaş və dost ölkə kimi sevirik. Pakistan və onun xalqa da din qardaşlarımızdır, İslam ölkəsidir. Lakin, Pakistanın Azərbaycana münasibəti digər ölkələrdən tamamilə fərqlidir, dostyana münasibəti var. Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci ölkədir".
Milyana Həşimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB