AXCP və Milli Şura ilə Müsavat Partiyası arasındakı savaş həmin təşkilatlara yaxınlığı ilə seçilən mətbu orqanlarda davam edir. SİA xəbər verir ki, "Yeni Müsavat" qəzetinin onlayn səhifəsində mətbu orqanın siyasət şöbəsi tərəfindən Əli Kərimli və Cəmil Həsənli cütlüyü ən kəskin şəkildə tənqid edilib və onların hər ikisi haqqında növbəti faktlar ortaya qoyulub.
AXCP və Milli Şura sədrlərini "JEK" müdiri adlandıran media orqanı yazır ki, AXCP və Milli Şura az qala hər kəsə müxalifətçi arayışı verməklə məşğuldurlar: "Arayış xəstəliyindən qurtula bilmədikləri üçün də hazırda müxalif düşərgədə birlikdən əsər-əlamət yoxdur. Hakimiyyətə qarşı olan bütün siyasi təşkilatlar dağınıq, pərakəndə halda fəaliyyət göstərir. Bu bir tərəfə qalsın, müxalifət düşərgəsi adlanan bu cameə bir-birinə qarşı düşmənçilik münasibətindədir. Məhz Əli Kərimlinin və Cəmil Həsənlinin təfriqəçiliyi sayəsində vəziyyət bu cür acınacaqlıdır".
Milli Şuranın bu gün də müəyyən siyasi dairələrin tapşırıq və təlimatlarını icra etdiyini qeyd edən "Yeni Müsavat"ın siyasət şöbəsi həmçinin yazır ki, hələ 2013-cü ildə keçirilmiş prezident seçkiləri başa çatdıqdan sonra məğlub olmuş Milli Şura buraxılmalıydı: "Əksəriyyətin rəyi belə idi ki, Milli Şura seçkidən sonra buraxılsın, amma AXCP sədri və Cəmil Həsənli buna qarşı çıxırdılar, təşkilatın qalmasında israrlıydılar. Çünki bu qurumu həm Rusiyaya, həm Qərbə hakimiyyətin əsas alternativi kimi təqdim etməyə çalışırdılar. Milli Şura Əli Kərimlinin, Cəmil Həsənlinin şəxsi bizneslərini həyata keçirmələri üçün ticarət obyekti rolunu oynayırdı. Bu cür yağlı tikədən niyə imtina edəydilər ki..."
AXCP və Milli Şura sədrlərini öz mənafeləri naminə hətta şeytanla belə, əməkdaşlığa getməyə hazır olduqlarını qeyd edən "Yeni Müsavat" Əli Kərimli ilə Cəmil Həsənlini firqə maraqlarına görə, Azərbaycan xalqının mənafeyini belə tapdalaya biləcəyini yazır: "Müxalifətin aparıcı qüvvəsi kimi özünü təqdim edən Milli Şura və onun rəhbərləri öz mənafeləri üçün hər addıma gedirlər, hər kəslə əməkdaşlığı məqbul sayırlar…Fəqət öz dar, firqə maraqları üçün Azərbaycanın, xalqın mənafeyini asanlıqla tapdamağa hazırdırlar".
Sonda daha bir neçə rüsvayedici faktlara toxunan müxalifət mətbuatı AXCP və Milli Şura sədrlərinin oynadıqları oyunlarının onlara heç bir səmərə verməyəcəyini qeyd edib. Belə ki, guya hakimiyyətə qarşı barışmaz olduqlarını sərgiləyən Əli Kərimi və Cəmil Həsənli cütlüyü əslində onları aldadaraq vəd verən xarisi siyasi dairələr tərəfindən bu vəziyyətə düşdüklərinin fərqində deyillər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB