İntiqam Babayev: “İdmançılarımızdan yüksək nailiyyətlər gözləyirik”
"Son iki ildə, xüsusilə də son aylarda Azərbaycanımız ilk Avropa Oyunlarının həyəcanını yaşayır. Düşünürəm ki, bu hadisə həm Azərbaycan xalqının, dövlətinin, həm də Avropanın, dünyanın idman tarixində özünəlayiq şərəfli yerini tutacaq". Bunu SİA-ya Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev I Avropa Oyunlarının açılışı ilə bağlı təəssüratlarını bölüşərkən deyib.
Nazir müavinin sözlərinə görə, bu mötəbər tədbir ilk dəfə olaraq Azərbaycanda keçirilir: "Ölkəmiz bu günə kimi müxtəlif istiqamətlərdə bir çox ilklərə imza atıb. Hər bir atılan imza və reallaşdırılan layihə çox yüksək səviyyədə həyata keçirilib. Qısa bir müddətdə ilk Avropa Oyunları ərəfəsində idman infrastrukturu yaradıldı. Artıq yeni idman obyektləri inşa edilib. Əminəm ki, bu tədbir yüksək səviyyədə baş tutacaq. Biz Azərbaycan idmançılarından yüksək nailiyyət gözləyirik. Əminik ki, bu yarışlar zamanı dəfələrlə Azərbaycan bayrağı qaldırılacaq. Onlara uğurlar arzu edirik. Bildiyiniz kimi, ilk Avropa Oyunlarına cənab Prezident İlham Əliyev tərəfindən şəxsən nəzarət edilməsi, yeni-yeni idman obyektlərinə onun ziyarəti, nəzarətdə saxlaması və müvafiq göstərişlər verməsi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın "Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsinə rəhbərlik etməsi əvvəlcədən bu layihənin uğurla baş tutacağını təmin etdi. Hətta gənclər siyasəti sahəsində idmanla bağlı bir neçə layihələr olub ki, məhz Mehriban xanım Əliyevanın rəhbərliyi altında həyata keçirilib".
İ.Babayev əlavə edib ki, Azərbaycan xalqı əvvəlcədən əmin idi ki, təşkilati işlər yüksək səviyyədə baş tutacaq: "Bəs gəlin görək, bu hadisənin ölkə gəncliyinə, idmansevər insanlara müsbət təsiri nədən ibarətdir? İlk növbədə, minlərlə gənc könüllü olaraq bu prosesə cəlb olundu. Bu, onların həyatında tarixi andır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB