Koalisyanın növbəti toplantısı keçirilib YENİLƏNİB-FOTOLAR

Koalisyanın növbəti toplantısı keçirilib YENİLƏNİB-FOTOLAR

Beynəlxalq Mətbuat Mərkəzində "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının növbəti toplantısı keçirilib. SİA xəbər verir ki, budəfəki toplantı "ABŞ-da insan hüquqlarının vəziyyəti. Neoimperializm yeni mərhələdə" mövzusu ətrafında baş tutub. Tədbirdə QHT və KİV nümayəndələri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının koordinatoru Rufiz Qonaqov ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasından və onun birbaşa ABŞ-dan idarə olunmasından bəhs edib. R. Qonaqov qeyd edib ki, ABŞ-da mütəmadi olaraq insan hüquqları pozulur və dövlət ona biganə yanaşır: "ABŞ-da bu kimi halların qarşısını almaq əvəzinə hökumət və dövlət rəsmiləri digər dövlətlərə ağıl dərsi verməyə çalışırlar. Biz bunları qətiyyətlə pisləyir və ölkəmizə qarşı çevrilən qara piar kampaniyalarının qarşısını almağa çalışırıq".

Daha sonra məruzələr dinlənilib.

"Müstəqil dövlətlərdə keçirilən beynəlxalq idman və mədəniyyət tədbirlərini siyasiləşdirmək cəhdləri: anti-Azərbaycan kampaniyası" mövzusunda məruzə ilə çıxış edən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli qeyd edib ki, hələ qədim dövrlərdən idman tədbirlərinin keçirilməsi dövlətlərarası münaqişələrin, qarşıdurmaların qarşısını almaqda müstəsna rol oynayıb: "Bu mənada ölkəmizdə keçiriləcək I Avropa Oyunları hər kəs tərəfindən müsbət dəyərləndirilməlidir. Amma təəssüflər olsun ki, ölkəmizin inkişafını gözləri götürməyənlər, erməni lobbisinə, ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edənlər Azərbaycana qarşı yönəlməkdədirlər. Maraqlıdır ki, Bakıda keçiriləcək I Avropa Oyunlarına qarşı olan aqressiya nədəndir. Məgər müstəqil siyasət yürüdən dövlətlərin keçirdiyi tədbirlər, elə bu Oyunlar sülhün təbliğinə xidmət etmirmi? Dünyada öz güclərini digər dövlətlər üzərində sınamağa çalışan güclər, sülhün təbliğinə maraqlı deyillər. Ayrı-ayrı layihələrə xərclənən milyardlarla vəsait isə bu cür tədbirlərə qarşı təbliğatdır. Beləliklə maskalar yırtılır və gerçək simalar üzə çıxır. Bu gün bəşəriyyəti fəlakətə sürükləyənlər bununla kifayətlənmir. Azərbaycan idmançılarının erməni idmançıları üzərində qələbəsinə siyasi don geydirənlər bunu başqa cür qələmə verir. Ani Vandaryanın bu Oyunları boykota çağırması isə bizim bir neçə vaxt öncə bu işdə ermənilərin əlinin olduğunu açıqca ortaya qoyur".

"ABŞ-da irqi və dini zəmində ayrı-seçkilik təzahürlərinin güclənməsi" üzrə məruzə ilə çıxış edən Vətəndaşların Əmək Liqası Müdafiəsi Təşkilatının sədri Sahib Məmmədov deyib ki, hər bir dövlət digər dövlətdə olan prosesləri izləmək iqtidarındadır: "Amma bu o demək deyil ki, ABŞ istənilən vaxt, istənilən mövzuda ölkəmizə qarşı təzyiq dili ilə danışa bilər. Bu gün ABŞ-da müzakirəyə çıxarılan məsələ bundan fərqlidir. Azərbaycan 39 xüsusi məruzəçisinin hər birini ölkəyə açıq elan edib. ABŞ heç zaman multikulturalizmi dəstəkləməyib. Baxmayaraq orada müxtəlif xalqların nümayəndələri toplanıb, onlar özlərinin monopoliyasını formalaşdırmağa çalışıb ki, bu da fiaskoya uğrayıb. Azərbaycanda insan hüquqlarının pozulduğuna dair söylənilən fikirlər, verilən bəyanatlar olduqca iyrənc təbliğatdır".

"Cəmiyyət üzərində total nəzarət sistemi: şəxsi həyata müdaxilə, ifadə və mətbuat azadlığının məhdudlaşdırılması" adlı məruzə ilə çıxış edən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət deyib ki, ABŞ hamilə qadına ölüm hökmü kəsərək, onu icra edən dövlətdir. Bundan başqa ABŞ 14 yaşlı günahsız gəncin ölümünə hökm verən dövlətdir. Bu da insan hüquqlarından danışan dövlətin mahiyyətini ortaya qoyur. Ötən il cəmi 8 gün ərzində polislərin jurnalistlərə qarşı zorakılığı olmuşdu. Bütövlükdə isə bu olanlarla bağlı heç bir təşkilat səsini çıxarmadı. Amma Azərbaycanda hansısa bir polis bir jurnalisti bölməyə çağırıb sula-cavab etdikdə, o an ABŞ Dövlət Departamenti bəyanat yayır. İnsan təəccüblü qalır ki, doğrudanmı sizin dərdiniz Azərbaycandır? Belədirsə, bəs niyə ABŞ-da qara dərililər öldürülür? Sanki özləri çox idealdırlar, problem bizdədir".

"Leqal korrupsiya və ABŞ siyasi sisteminin əsas elementlərindən biri kimi" mövzusunda Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məruzə ilə çıxış edərək deyib ki, ABŞ-da seçkilərdə seçilən şəxs digərlərinə nisbətən daha çox vəsait xərcləyib: "Bu da korrupsiyanın bir qolu deyilmi? Bu gün heç kimə sirr deyil ki, ABŞ-da lobbiçilik leqallaşıb. Onlar bir çox ölkələrdə də istəyirlər ki, bunu leqallaşdırsınlar".

"ABŞ-ın müstəqil siyasət yürüdən ölkələrə təzyiq vasitələri: insan hüquqları ilə manipulyasiyaya, rəngli inqilablar və onların fəsadları" mövzusunda məruzə ilə çıxış edən "Paradiqma" İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin sədri, politoloq Elman Nəsirov isə qeyd edib ki, ABŞ Azərbaycan üçün strateji dövlətdir və Azərbaycan onunla əməkdaşlıqda maraqlıdır: "Ancaq çox təəssüf ki, ABŞ Azərbaycana qarşı qərəzli addımlar atır. ABŞ-ın öz mənbələri də qeyd edir ki, onlar öz mənbələrini yaxşı bilirlər. İddia edilir ki, Con Kerri ölkəsinin tətbiq etdiyi narıncı inqilablarda iştirak etməyib. Biz ona bir qutuda qələmlər göndərəcəyik ki, bu qələmlər onun hansı ölkələrdə narıncı inqilab təşkil edib onun sayı qədərdir. Çox istərdim ki, ABŞ bu narıncı inqilab siyasətindən əl çəksin. Azərbaycanı narıncı inqilab üçün məkan sayırlarsa səhv edirlər".

Elman Nəsirov əlavə edib ki, ABŞ Azərbaycan üçün strateji tərəfdaşdır, ancaq ABŞ adekvat addımlar atmır: "ABŞ başqa dövlətlərin işinə qarışır, özünün strateji tərəfdaşı olan Azərbaycanın da daxili işlərə qarışmağa çalışır. ABŞ ilk növbədə alqı - satqını dollarla aparmaq istəməyən dövlətlərə qarşı çıxır".

Sonra məruzələr ətrafında çıxışlar olub. Tədbir mövzu ətrafında diskusiyalarla sona çatıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə