Avropa Oyunlarının məşəli Alov Qüllərinin zirvəsində

Avropa Oyunlarının məşəli Alov Qüllərinin zirvəsində

"Bakı-2015" I Avropa Oyunlarının məşəli artıq 3-cü gündür ki, paytaxtımızın müxtəlif yerlərinə səyahət edir. SİA-nın məluamtına görə, bu gün məşəli azərbaycanlı alpinist Rinat Rəhimxanov Alov Qüllərinin zirvəsindən aşağı endirib. O, bu gün məşəli günorta saat 15.45-də Qoşa Qala Qapısı önündə I Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü, yunan-Roma güləşi üzrə olimpiya və 2 qat dünya çempionu, Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Fərid Mansurova təqdim edəcək.

Azərbaycanlı alpinist Rinat Rəhimxanov jurnalistlərə açıqlamasında öz sevinclərini də gizlətməyib: "Mən çox qürur duyuram ki, "Bakı-2015" I Avropa Oyunlarının məşəlini Alov Qüllərindən aşağı endirmək mənə həvalə olundu. Ölkə idmançılarımızın hər birinə uğurlar arzulayıram ki, Avropa Oyunlarında onların yüksək nəticələri olsun. Artıq bütün Avropa bizi izləyir. Bununla bizim ölkəmiz daha da irəli gedəcək və hər kəs Azərbaycanı bir daha tanıyacaq. Çox böyük həyəcan keçirirəm".

Avropa Oyunları əməliyyat komitəsinin kommunikasiya üzrə meneceri Nikolas Jomard SƏS TV-yə açıqlamasında isə deyib ki, bu gün onun üçün çox həyəcanlı bir gündür: "Artıq 3 gündür ki, məşəl Bakıya gətirilib. Bazar günündən etibarən məşəl Bakıdadır. Bu gün isə Alov Qüllələrindən azərbaycanlı alpinist Avropa Oyunlarının məşəlini aşağı endirdi. Məncə bu, hər kəs tərəfindən baxılası hadisədir. Mən Avropa Oyunlarının Əməliyyat Komitəsində çalışan şəxs olaraq deyə bilərəm ki, bu oyunlara hazırlıq həqiqətən çox ciddi keçir. Demək olar ki, hazırlıq zamanı bütün risklər və səhvlər sıfıra endirilir. Avropa Oyunları Azərbaycanın nəyə qadir olduğunu göstərən, ölkənin gücünü fokuslayan bir hadisədir".

Əməliyyat komitəsinin meneceri Bakı haqqında da öz təəssüratlarını bölüşüb: "Şəhər həqiqətən gözəldir. Təbii ki, bu gözəlliyə insanların mehribanlığı da rəng qatır. Avropa Oyunları ilə bağlı şəhərin hər tərəfində infrastrukturun qurulduğu nəzərə çarpır. Bütün bunlar Azərbaycanın tanınması baxımından çox böyük əhəmiyyətə malikdir".

Qeyd edək ki, məşəlin növbəti dayanacağı Bakı şəhərindəki Qoşa Qala Qapısı olacaq. Orada məşəli olimpiya çepionu Fərid Mənsurov qarşılayacaq. Daha sonra növbə ilə məşəli Faiq Ağayev (müğənni), Elnur Məmmədli (Olimpiya çempionu), Abbas Əzimov (veteran atlet), Bəhram Bağırzadə (aktyor), Həsən Əliyev (güləşçi), Alla Həsənova (voleybolçu), Yalçın Adıgözəlov (xalq artisti) Ənvər Sadıqov (musiqiçi), Şəfiqə Məmmədova (aktrisa / xalq artisti), Spiros Karpalos (Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri), Tünzalə Ağayeva (müğənni) daşıyacaq.

Daha sonra müğənni Ədalət Şükürov (Köhnə Bakı çay evinə), Tünzalə Ağayevaya (Şirvanşahlar Sarayına), Rasim Balayev (Yay Qalereyası), Günel Babayeva (İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi), Azərbaycanın görkəmli rəssamı Tahir Salahov (Tahir Salahovun ev-muzeyi), Adnan Axundov (Açıq Hava Muzeyi), muğam ifaçısı Arif Babayev (Arxeoloji-Etnoqrafik Muzey Kompleksi) rəssam Əli Şəmsi Rəssam (Əli Şəmsinin Evi ), aktyor Canali Əkbərov (Muğam Mərkəzi), müğənni Zülfiyyə Xanbabayeva (Qız Qalası ) ilə şəkil çəkdirmək imkanı yaradılacaq.

Xatırladaq ki, Birinci Avropa Oyunlarının məşəlinin Bakı estafeti iyunun 11- dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə