Azər Badamov: “Yunanıstan səfirinin fikirləri heç nəyi həll etmir” AÇIQLAMA

Azər Badamov: “Yunanıstan səfirinin fikirləri heç nəyi həll etmir” AÇIQLAMA

"Ümumiyyətlə Azərbaycan ərazicə balaca olsa da iqtisadi potensialına, dünyada şöhrətinə görə fərqlənən bir ölkədir. Ölkəmizi istəməyən bəzi qurumlar və yaxud insanlar buna qısqanclıq münasibəti bəsləyirlər". Bunu SİA-ya Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov Avropa İttifaqının Bakı ofisinin və Yunanıstanın Azərbaycandakı səfirinin Avropa Oyunlarına qarşı ortaya çıxan işbirliyinə münasibət bildirərkən deyib.

Deputatın sözlərinə görə, Azərbaycanda keçirilən təntənəli tədbirlər ərəfəsində "qara-piar" kampaniyası özünü daha çox büruzə verir: "Hətta biz Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsi öncəsi də "qara-piar" kampaniyası ilə üzləşmişdik. Amma sonradan isbat olundu ki, heç bir qarayaxma kampaniyası Azərbaycana təsir göstərə bilməz və ölkəmizlə təhdid dilində danışmaq olmaz. Çünki Azərbaycan müstəqil ölkədir. Əgər ölkəmiz hər hansı bir vəzifəni, öhdəliyi öz üzərinə götürübsə, o vəzifəsinin də öhdəsindən yüksək səviyyədə gəlir. Biz bunun "Avroviziya" mahnı müsabiqəsində də şahidi olduq. Artıq ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində də "qara-piar" kampaniyasına başlanılıb. Bütün bunlar ölkəmizi istəməyən və Azərbaycandakı bu inkişafı, sabitliyi həzm edə bilməyən müəyyən təşkilatların istəyindən xəbər verir. Heç şübhəsiz ki, Yunanıstanın Azərbaycandakı səfiri də kimlərəsə xidmət edir. Bu Yunanıstan dövlətinin rəsmi fikri deyil".

A.Badamov əlavə edib ki, Yunanıstan səfiri Azərbaycana qarşı müəyyən bir qərəz nümayiş etdirirsə, o bunu kimlərinsə maliyyəsi hesabına həyata keçirir: "Bu fikirlər heç nəyi həll etmir. Artıq Bakıda keçiriləcək ilk Avropa Oyunlarının keçirilməsi təsdiq olunub. Azərbaycan bu oyunlara yüksək səviyyədə hazırlığını görüb. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi həm də Avropa üçün əlamətdar bir hadisədir. Azərbaycan üçün oyunların əhəmiyyəti çox yüksəkdir. Çünki ölkəmiz oyunlar vasitəsilə özünü beynəlxalq ictimaiyyətə bir daha təqdim edə biləcək. 100-dən çox ölkədə bu oyunların nümayişi həyata keçiriləcək. Azərbaycan artıq öz mədəniyyətini, inkişafını, sabitliyini, adət-ənənələrini dünyaya tanıdacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə