Adil Əliyev: "Bu Azərbaycanın adı, Azərbaycanın nüfuzudur" MÜNASİBƏT

Adil Əliyev: "Bu Azərbaycanın adı, Azərbaycanın nüfuzudur" MÜNASİBƏT

"Avropanı Azərbaycana gətirmək artıq özü böyük bir dividentdir. Bu baxımdan I Avropa Oyunlarının ölkəmiz üçün əhəmiyyətini olduqca yüksək qiymətləndirirəm. Oyunlar Azərbaycanın şanlı tarixinə elə bir uğur yazacaq ki, bunu heç nə ilə əvəz etmək mümkün deyil. Əvvəllər mədəniyyətimizi, incəsənətimizi, idmanımızı, mətbəximizi Avropada təbliğ edirdiksə, indi avropalılar özləri bütün bunların canlı şahidləri olacaqlar". Bunu SİA-ya Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev I Avropa Oyunları ilə bağlı fikirlərini söyləyərkən deyib.

Millət vəkili qeyd edib ki, bu cür möhtəşəm tədbirin ölkəmizdə keçirilməsi ilə bağlı verilən qərar dövlətimizə qarşı olan inam və etimadın təcəssümüdür: "Azərbaycan bu etimadı bu gün deyil, zaman-zaman qazanıb. Belə ki, dünya çempionatlarında, Olimpiya oyunlarında qazanılan medalların nəticəsi olaraq Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi edəcək. Dövlətin prioritet sahələrindən olan idmana ayrılan diqqət və qayğının bəhrəsini hazırda görməkdəyik. Bütün dünya ölkələri bilir ki, Azərbaycan yüksək dəyərlərə malik bir ölkədir və bütün dünyamiqyaslı tədbirlərə də layiqincə ev sahibliyi etməyə qadirdir. Çox istərdim ki, hər bir vətəndaşımız, istər ölkəmizdə, istərsə də xaricdə yaşayan soydaşlarımız bu aksiyaya qoşulsunlar. Bu Azərbaycanın adı, Azərbaycanın nüfuzudur".

Adil Əliyev həmçinin onu da qeyd edib ki, nəinki paytaxt Bakı, Azərbaycanın bütün regionları I Avropa Oyunlarına tam hazırdır: "Bunu regionlara səfərlərim zamanı müşayət etmişəm. Bu günlərdə Naxşıvan Muxtar Respublikasına səfər etmişdim. Orada o qədər yüksək bayram ab-havası yaşanırdı ki, bu bizi olduqca sevindirdi. Naxçıvan əhalisi oyunların ölkəmiz üçün əhəmiyyətini olduqca yaxşı dərk edir və bu yöndə əllərindən gələni edirlər".

Millət vəkili son olaraq radikal müxalifətin, o cümlədən də onları maliyyələşdirən bəzi xarici qüvvələrin I Avropa Oyunlarına kölgə salmaq uğrunda apardıqları mübarizəyə də münasibətini bildirib. A.Əliyev radikal müxalifətin fəaliyyətini yanıb sönən şama bənzədib: "Bunlar artıq sönüblər, əriyərək yerlərində donublar. Bu insanların himayədarları verdikləri maliyyə üçün hesab tələb edirlər. Ona görə də bu və ya digər mövzularda özlərini fəal göstərməyə çalışırlar. Amma unutmasınlar ki, heç bir halda Azərbaycanın apardığı uğurlu siyasətə, dünyada qazandığı imicinə zərbə vura bilməyəcəklər. Çünki ölkəmizdə xalq-hakimiyyət birliyi mövcuddur. Xalq Ölkə Prezidenti İlham Əliyevi dəstəkləyir, Ona inanır, Ona güvənir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə