YAP-da komissiyaların birgə iclası keçirilib YENİLƏNİB - VİDEO

YAP-da komissiyaların birgə iclası keçirilib YENİLƏNİB - VİDEO

Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında Partiyadaxili inkişaf və intizam komissiyasının və YAP Mərkəzi Nəzarət-Təftiş komissiyasının iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Partiyadaxili intizam qaydalarının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları, onun növləri, intizam tənbehinin verilmə qaydaları haqqında məlumat verilib.

Partiyadaxili inkişaf və intizam komissiyasının sədri Kərim Kərimov iclası açaraq deyib ki, Partiyadaxili intizam qaydalarının pozulmasına görə, intizam tədbirlərinin tətbiqininin əsasları barədə hazırladığımız material proqram xarakterli yığcam sənəddir: "Praktikada indiyə qədər belə bir sənəd olmayıb. Bu sənədin hazırlanmasında əsas baza materialı kimi YAP-dan Nizamnaməsindən və Əmək Məcəlləsi Qanunundan istifadə edilib. Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək və icra intizamına aid müddəalar, partiyamızın nizamnaməsində isə intizam tədbirləri sırasında ancaq üzvlüyündən azad edilmə qaydası öz əksini tapıb. Komissiyalar inztizam tənbehinin verilməsi şərtlərini partiya nizamnaməsinin tələblərinə uyğun olaraq, demokratik ruhda genişləndiriblər. Bu sahədə xüsusilə MNTK-nın sədri Məhəmməd Məmmədovun dəyərli təklifləri, tövsiyyələri nəzərə alınıb".

K.Kərimov diqqətə çatdırıb ki, intizam tənbehinin verilməsi, aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələbinə əməl edilməklə aparılmalıdır.

YAP Mərkəzi Nəzarət-Təftiş komissiyasının sədri Məhəmməd Məmmədov isə nitqində qeyd edib ki, YAP Nəzarət-Təftiş komissiyası partiyanın bütün orqanlarının və onun aparatının fəaliyyətinə nəzarət-təftiş funksiyasını həyata keçirir: "Komissiya YAP-ın Nizamnaməsini və Siyasi Şura tərəfindən təsdiq edilmiş Əsasnaməni rəhbər tutur, öz fəaliyyətində müstəqildir və YAP-ın Qurultayına hesabat verir. Bununla belə MNTK partiyadaxili nizam-intizam məsələlərinə nəzarət edən kollegial orqan olmaqla, öz işini aşkarlıq prinsipi və partiyanın digər orqanları və "Partiyadaxili inkişaf və intizam komissiyası ilə qarşılıqlı əlaqələr əsasında qurur. Bu iki komissiyanın fəaliyyət prinsipləri bir-birinə yaxındır. Partiyada komissiyaların sayı kifayət qədərdir. Lakin bu iki komissiyanın əsasnaməsində partiyadaxili intizam məsələləri xüsusi yer tutur".

Daha sonra YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev və digərləri çıxış edərək təklif və tövsiyyələrini veriblər.

Qeyd edək ki, Partiyadaxili intizam qaydaları və intizam tənbehinin tətbiq edilməsinin şərtləri YAP-ın Nizamnaməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsi və digər müvafiq normativ hüquqi aktlara əsasən müəyyən edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə