I Avropa Oyunlarının əhəmiyyəti Avropa Şurasında yüksək qiymətləndirilib KONFRANS-FOTOLAR

I Avropa Oyunlarının əhəmiyyəti Avropa Şurasında yüksək qiymətləndirilib KONFRANS-FOTOLAR

Moldova Respublikasının Kişinyov şəhərində Avropa Şurasının "Şərq əməkdaşlığı çərçivəsində sosial hüquqların möhkəmləndirilməsi: Avropa Sosial Nizamnaməsi üzrə müzakirəsi" adlı parlamentlərarası iclası keçirilib. SİA xəbər verir ki, Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Yunanıstanın parlamentlərinin sosial hüquq məsələləri komitələrinin üzvləri üçün nəzərdə tutulmuş iclasda ölkəmizi Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Milli Məclisin deputatları Musa Quliyev, Sədaqət Vəliyeva, İlham Məmmədov və Sevinc Hüseynova təmsil ediblər.

İclasda 3 məsələ müzakirə olunub. Deputatlarımız keçirilən müzakirələrdə fəal iştirak ediblər.

Məruzəçi qismində çıxış edən Avropa Şurasının Parlamentlərarası Assambleyasının nümayəndələri Avropa Sosial Xartiyasının dövlətlər tərəfindən icra olunmasının reallıqlarını diqqətə çatdıraraq qeyd ediblər ki, Fransa istisna olmaqla, Avropa Şurasına daxil olan ölkələrin heç biri Avropa Sosial Xartiyasının bütün maddələrini qəbul etməyib.

İclasda iştirak edən Ermənistan, Yunanıstan, Ukrayna, Moldova və Gürcüstan nümayəndələri ölkələrindəki mövcud ağır sosial-iqtisadi vəziyyət haqqında danışıb, eyni zamanda, qeyd ediblər ki, qlobal dünya böhranı fonunda cərəyan edən ictimai-siyasi proseslər nəticəsində Avropa Sosial Xartiyasının tələblərinin tam yerinə yetirilməsi mümkün olmayıb.

"İş prosesində əmək təhlükəsizliyi" və "Qloballaşan iqtisadiyyatda sosial dialoq problemləri" mövzuları ətrafında aparılan müzakirələrdə geniş və arqumentlərlə çıxış edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycandakı sosial durum haqqında ətraflı məlumat verərək, ölkəmiz tərəfindən Avropa Sosial Xartiyasının 18 maddəsinin ratifikasiya edildiyini və daha 4 maddə üzrə sənədləşmə işlərinin aparıldığını diqqətə çatdırıb.

Hadi Rəcəbli xüsusi olaraq, statistik rəqəmləri və faktları diqqətə çatdırmaqla qeyd etmişdir ki, Azərbaycanda Avropa Sosial Xartiyasının ratifikasiya edilmiş maddələri yüksək səviyyədə həyata keçirilir.

Müzakirələr zamanı həmçinin bildirilib ki, Azərbaycanda əhalinin səmərəli məşğulluğunun təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)"nı təsdiqlənmişdir.

Bu sahədə prioritet istiqamətlərin reallaşdırılması nəticəsində son 10 il ərzində Azərbaycanda 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, onlardan da 900 mini daimi iş yeridir. İşsizlik kimi ciddi problemin böyük hissəsi həllini tapmış və bunun səviyyəsi təxminən 5 faiz civarındadır. Eyni zamanda, əmək prosesində texnogen ölüm və yaralanma halları da son 10 il ərzində 2 dəfə azalıb.

Hadi Rəcəbli Azərbaycanda sosial dialoqun davamlılığı haqqında fikirlərini də iclas iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, hər il ölkəmizdə əməyin təhlükəsizliyi məsələlərinin idarə edilməsi üçün həmkarlar ittifaqları və işəgötürənlər birliyi konfederasiyalarının Nazirlər Kabinetilə birgə üçtərəfli müqaviləsi imzalanır.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev və parlamentin digər deputatları da iştirakçı ölkələrdəki mövcud münaqişələrdən danışıb və bildiriblər ki, konflikt faktorları, ikili standartlar Avropa Sosial Xartiyasının bütün maddələrinin reallaşdırılmasına mane olur.

Azərbaycan nümayəndə heyəti həmçinin, iclas iştirakçılarına Bakıda keçiriləcək I Avropa Oyunları çərçivəsində görülmüş işlər haqqında da geniş məlumat verərək, həmçinin, bəzi Avropa institutlarının, siyasətçilərinin Azərbaycana qarşı tutduğu qərəzli və ikilistandartlı mövqeyini sərt şəkildə tənqid ediblər.

Sonra çıxışlarda iştirakçı ölkələrin nümayəndələri görülən işləri çox yüksək qiymətləndirərək və I Avropa Oyunlarında iştirak etmək arzularını diqqətə çatdırıblar.

Deputatlarımız eyni zamanda, Moldovadakı Azərbaycan diasporunun nümayəndələri ilə görüşərək, onlara ölkəmizdəki mövcud sosial-iqtisadi və siyasi-ictimai proseslər haqqında məlumat veriblər.

Eyni zamanda, Azərbaycan nümayəndə heyəti və diaspora nümayəndələri Kişinyovdakı görüş zalında mayın 19-da Bakı şəhərinin Binəqədi rayonunda yaşayış binalarından birində baş vermiş yanğın zamanı vəfat etmiş şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, ailələrinə və yaxınlarına başsağlığı veriblər.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə