Ramiz Alıyev: “AXCP və Müsavat milli maraqlarımıza zərbə vururlar” AÇIQLAMA

Ramiz Alıyev: “AXCP və Müsavat milli maraqlarımıza zərbə vururlar” AÇIQLAMA

"İllərdir hakimiyyətlə dialoq tərəfdarı olduğunu söyləyən AXCP və Müsavatın daha bir görüşdən imtina etməsi başadüşülən deyil". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Politoloq qeyd edib ki, əgər doğrudan da bu iki partiya dialoq istəyirsə, onda nə üçün müzakirələrdən qaçır? Belə aydın olur ki, əslində AXCP və Müsavatı düşündürən dialoq yox, bu dialoqa mane olmaq, ona əngəl yaratmaqdır: "Digər bir tərəfdən daxillərindəki problemləri aradan qaldıra bilməyən, qurultaydan sonra yeni başqanın idarəçiliyinə etiraz edən funksionerləri partiya sıralarından xaric edən Müsavat Partiyası hakimiyyətlə dialoqa gedə bilməz. Ona görə də bu və ya digər formada dialoqdan yayınmağa çalışırlar. AXCP və Müsavatı düşündürən yeganə məsələ Azərbaycanın imicinə zərbə vurmaq, onun beynəlxalq aləmdəki nüfuzuna xələl gətirməkdir. Hər iki siyasi qüvvə illərdir bu fəaliyyətlə məşğuldur. Xüsusilə, ölkəmizdə keçiriləcək Birinci Avropa Oyunları ərəfəsində onların anti-Azərbaycan fəaliyyətlərinin bir qədər də intensivləşdiyini görməkdəyik. Düşünürəm ki, qısa bir müddətdə bu insanlar öz layiqli cavablarını alacaqlar".

Ramiz Alıyev həmçinin onu da vurğulayıb ki, AXCP və Müsavat növbəti dəfə dialoqa qatılmamaqla bir daha milli maraqlara, dövlətimizin inkişafına, onun uğur qazanmasına qarşı çıxdıqlarını təsdiqləmiş oldu: "Halbuki onlar da belə bir həssas məqamda digər siyasi partiyalar kimi dövlətin, dövlətçiliyin yanında olmalı idilər"

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə