Ceyms Patrik Moran: “Azərbaycana və Azərbaycan xalqına heyranam”

Ceyms Patrik Moran: “Azərbaycana və Azərbaycan xalqına heyranam”

Bu gün Milli Məclisdə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Azərbaycanın Dostları Assambleyasının – AFAZ-ın sədri Ceyms Patrik Moranla görüşüb. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, qonağı mehribanlıqla qarşılayan Səməd Seyidov ölkəmizin I Avropa Oyunları ərəfəsində olduğunu diqqətə çatdırıb, Azərbaycanda ABŞ-la hərtərəfli əlaqələrin inkişafına önəm verildiyini bildirib. Hazırda beynəlxalq aləmdə gərgin vəziyyətin hökm sürdüyünü qeyd edərək dostluq və əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyindən söz açıb.

Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə vurğulayıb ki, ABŞ hər zaman Azərbaycanın yanındadır və müstəqillikdən bəri ölkəmizi dəstəkləyib: "İkitərəfli əlaqələrimiz durmadan inkişaf edir. Azərbaycan bir çox sahələrdə, xüsusilə enerji təchizatı və terrorizmə qarşı mübarizə məsələlərində ABŞ-la əməkdaşlıq edir".

Söhbət zamanı Dağlıq Qarabağ probleminə, Ukraynadakı böhrana və beynəlxalq aləmdəki digər aktual məsələlərə toxunulub.

Azərbaycanın Dostları Assambleyasının – AFAZ-ın sədri Ceyms Patrik Moran Azərbaycanda olmaqdan məmnunluq duyduğunu bildirib.

O, Bakıya ötən səfərlərini xatırlayaraq hər gəlişində böyük dəyişikliklərin şahidi olduğunu vurğulayıb. Ölkəmizin coğrafi mövqeyini, potensialını, insan resurslarını dilə gətirərək Azərbaycana və Azərbaycan xalqına heyranlığını ifadə edib. I Avropa Oyunlarının burada keçirilməsinin böyük əhəmiyyət daşıdığını deyib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər, o cümlədən Azərbaycanın ABŞ-da təbliğatının genişləndirilməsi və daha yaxından tanıdılması istiqamətində AFAZ-ın görəcəyi işlər barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə