Qəlblərdə əbədi yaşayacaq Lider TƏDBİR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib
Qəlblərdə əbədi yaşayacaq Lider TƏDBİR

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Gənclər Birliyi və "Qayğı Sağlam Nəsil Naminə" İctimai Birliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirib. SİA-nın məlumatına görə tədbirdə YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayeva iştirak ediblər.

Giriş sözü ilə çıxış edən YAP Nizami rayon təşkilatı GB-nin sədri Sevinc Abdullayeva Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edərək qeyd edib ki, Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Ulu Öndər gənc nəslə öz qayğısını heç zaman əsirgəməyib, gənclərin ictimai-siyasi həyatda fəal iştirak etməsini, onların sosial ehtiyaclarını, yüksək səviyyədə təhsil almalarını, hüquqlarının müdafiəsini, ümumiyyətlə, gənclərin hərtərəfli inkişafını təmin etmişdir. Dahi Liderin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Məhz elə ona görə də gənclər siyasəti birbaşa Ulu Öndərin adı ilə bağlıdır. Bu siyasətin qorunub saxlanmasında maraqlıyıq və bu yolda irəliləməkdəyik. Birmənalı olaraq Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Bu gün Azərbaycan gəncliyi Ümummilli Liderin ideyalarının bəhrələrini görür və sabah da görəcəkdir".

Daha sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva Ulu Öndərlə bağlı öz xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O qeyd edib ki, Dahi Şəxsiyyət Heydər Əliyevin hər bir azərbaycanlının qəlbində yeri var: "Deyərdim ki, Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir və bu möhtəşəm əsərin hər bir cizgisi ölkəmizin inkişaf və tərəqqisində əks olunmaqdadır. Ölkəmiz bu gün Avropanın ən möhtəşəm Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Lakin Azərbaycan buna qədər bir çox möhtəşəm siyasi, ictimai, sosial-iqtisadi uğurlara da imza atmışdır. Bu da ölkəmizin beynəlxalq arenadakı nüfuzunun göstəricisidir".

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova isə bildirib ki, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə dinamik sosial-iqtisadi inkişafın təmin edilməsi, demokratik-hüquqi, vətəndaş cəmiyyətinin yaradılmasında Ulu Öndərin adı ilə bağlıdır.

Tədbir "Qayğı Uşaq Reabilitasiya Mərkəzi" və "Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi"nin uşaqlarının çıxışı ilə davam edib. Həmçinin uşaqlar üçün konsert proqramı keçirilib, müxtəlif oyunlara, şən klounların iştirakına yer verilib. Sonda uşaqlara hədiyyələr təqdim olunub.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə