Anatoli Babilov: “Heç kim Osetiya ilə Ermənistan arasındakı tarixin üzərindən xətt çəkə bilməz”
Osetinin erməni HƏYASIZLIĞI

Qondarma "Cənubi Osetiya Respublikası" ("COR") "parlamentinin" spikeri Anatoli Babilovun digər tanınmamış qondarma "dövlətə" – "Dağlıq Qarabağ Respublikası"na ("DQR") səfər etməsi və orada Ermənistan parlamentinin sədri Qalust Saakyanla görüş keçirməsi Gürcüstan hökumətinin və Xarici İşlər Nazirliyinin sərt bəyanatı ilə nəticəsini tapıb. Lakin bu arada "COR" "parlamentinin" sədri növbəti həyasız çıxışı ilə yadda qalıb. SİA "hayastannews.am" saytına istinadən xəbər verir ki, o, Gürcüstan hakimiyyətinin sərt çıxışına qarşı bildirib ki, heç kim Osetiya ilə Ermənistan arasındakı tarixin üzərindən xətt çəkə bilməz: "Mənim Ermənistan parlamentinin spikeri ilə görüşüm Gürcüstanda narahatçılıq yaradıb və kəskin bəyanatlarla nəticəsini tapıb. Lakin bəyan etmək istəyirəm ki, heç kim bizə erməni xalqının "soyqırımı" ilə bağlı təəssüf hissi keçirməyimizə mane ola bilməməklə yanaşı, Osetiya ilə Ermənistan arasındakı tarixin üzərindən xətt çəkə bilməz".

Xatırladaq ki, həftənin ilk günündə Gürcüstanın Xarici İşlər Nazirliyi bəyan edib ki, bu məsələ dərindən araşdırılacaq və təsdiq olunduğu halda, Ermənistan tərəfinə etiraz notası göndəriləcək.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə