Elşad Miraləm: “Ölkəmiz dünyamiqyaslı təşəbbüslərə imza atıb” MÜSAHİBƏ

Elşad Miraləm: “Ölkəmiz dünyamiqyaslı təşəbbüslərə imza atıb” MÜSAHİBƏ

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat və informasiya şöbəsinin müdiri Elşad Miraləmin SİA-ya müsahibəsi:

- Elşad müəllim, Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə əməkdaşlığı çərçivəsində Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu başa çatıb. Bu Forumun əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- İlk Forum, 2013-cü ildə keçirilmişdi. Həmin Forumda 28 ölkədən 150-ə yaxın nümayəndə heyətləri iştirak edirdi. İkinci Forum 2014-cü ildə baş tutmuşdu. O zaman 42 ölkədən 200-dən çox nümayəndə iştirak edirdi. Bu ilki Forumda isə 78 ölkədən 350-dən çox nümayəndə heyəti təmsil olunurdu. Bu Forumun əhəmiyyəti Azərbaycan üçün çox yüksək idi. Birincisi, Azərbaycan bir daha göstərdi ki, o, dünyanı narahat edən Qlobal problemlərə laqeyd qalan dövlət deyil. Ölkəmiz nəinki bu problemlərdən narahatdır, eləcə də bu narahatlığını ifadə edərək problemlərin həllinə və müzakirəsinə öz töhfəsini verməyə çalışır. Təbii ki, bu Forumunda təşkilində əsas məqsəd dünyadakı bütün ölkələri, xalqları narahat edən qlobal problemləri, müxtəlif regionlarda mövcud olan etnik və ərazi münaqişələrinin, ekoloji problemlərin, qadın hüquqlarına dair məsələlərin həlli yollarının müzakirəsini təşkil etmək idi. Forumda 60-dan çox ölkənin keçmiş dövlət və hökumət başçıları iştirak edirdi. Bundan başqa Forumda Bolqarıstan və Makedoniyanın hazırkı prezidenti, Maltanın hazırki baş naziri təmsil olunurdu. Forumda bir çox məsələlər müzakirə olundu. O cümlədən tədbirə gələn qonaqların bir çoxu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair öz fikirlərini, narahatlıqlarını bildirdilər və münaqişənin həllinin uzanmasının regionda sülhə təhdid olduğunu bir daha vurğuladılar. Təbii ki, bu da Azərbaycan üçün Forumun əhəmiyyətini artıran əsas məqamlardan biri idi. Eyni zamanda bu Forum həm də Azərbaycanın dünyaya tanıdılması istiqamətində atılmış növbəti bir uğurlu addım oldu.

- Prezident İlham Əliyev forumda çıxışında Azərbaycanın Şərqlə Qərbin, eləcə də müsəlman ölkələri arasında körpü rolunu oynadığını bildirdi. Bu tarixi fikrin Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsi ilə daha da möhkəmləndiyini demək olarmı?

- Ümumiyyətlə Azərbaycan son illərdə bir çox beynəlxalq miqyaslı tədbirlərin keçirildiyi məkana çevrilib. Bununla belə, ölkəmiz dünya miqyaslı təşəbbüslərə imza atıb. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi də Azərbaycan xalqının keçdiyi inkişaf yolunun, tarixinin, mədəni irsinin dünya miqyasında tanıdılması baxımından çox mühüm əhəmiyyət daşıyır. Bu bir daha Azərbaycanı dünyaya tanıtmaq imkanı və şansıdır. Həmçinin bu, ölkəmizin tanıdılması üçün yeni bir platformadır. Hesab edirik ki, biz də Avropa Oyunlarının Azərbaycanda keçirilməsi imkanından kifayət qədər səmərəli istifadə edə biləcəyik.

- Yeri gəlmişkən Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı ABŞ-da və Avropada bir sıra ermənipərəst dairələrin fəallaşdığı müşahidə olunur. Diasporamız onların cəhdlərinin qarşısının alınması üçün hansı tədbirlər görür?

- Dünyada Azərbaycanın qazandığı uğurlar, irəli doğru atdığı addımlar bir çox dairələri, o cümlədən erməni diasporunu, lobbisini və onların müttəfiqi, tərəfdaşı olan qüvvələri ciddi şəkildə narahat edir. Təbii ki, biz bu hücumları əvvəlcədən də gözləyirdik. Azərbaycan diasporası təşkilatları da buna mənəvi-psixoloji baxımından hazır idilər. Amma biz bu hücumların genişmiqyaslı olacağını gözləmirdik. Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumundakı müzakirələrdə də bir çox dövlət rəsmiləri bu məsələlərə toxundular. Azərbaycan diasporası təşkilatlarına hələ ötən ildən Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən müəyyən tövsiyyələr və təlimatlar verilib. Azərbaycan mədəniyyətinin, tarixinin, turizm imkanlarının tanıdılması ilə bağlı bir çox tədbirlər keçirilib. Eyni zamanda Azərbaycan haqqında hansısa qarayaxma kampaniyaların təşkilinə də etirazlar ifadə olunur. Avropa ölkələrindəki diaspora təşkilatlarımız bu sahədə çox fəaldırlar. Bu iş bu günün özündə də davam edir. Ümumiyyətlə hər il Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində müxtəlif tədbirlər keçirilir. Bu ilin dörd ayı ərzində ABŞ-ın bir çox nüfuzlu kütləvi informasiya vasitələrində (KİV) Azərbaycandan və onun keçdiyi inkişaf yolundan bəhs edən 20-ə yaxın məqalə dərc olunub. O cümlədən Avropada, Almaniyada, Niderlandda, Belçikada və s. ölkələrdə Azərbaycan diaspora təşkilatları KİV-lə mütəmadi əlaqə saxlayırlar və təmaslarda olurlar.

- Ermənilər say və dövlətçilik baxımından türk xalqlarına rəqib deyillər, olmayıblar və bu mümkün də deyil. Bunu erməni ideoloqları bildikləri halda, demək olarmı yerli erməniləri mənasız iddialarla çıxış etməyə xarici erməni diasporası məcbur edir?

- Son illərin tendensiyası onu göstərir ki, artıq diaspora beynəlxalq münasibətlərin bir subyektinə çevrilib. Bir çox diaspora sahəsində yazan nəzəriyyəçilər, politoloqlar da bu barədə öz fikirlərini bildiriblər. Bu gün erməni diasporasının adından erməni "soyqırımı" iddiaları adı altında həm Türkiyəyə, həm də dolayısı ilə Azərbaycana qarşı yönəlmiş bir çox kampaniyaların, qərarların əsas məqsədi Türkiyəyə təzyiqlərdir. Biz bu məsələlərə qiymət verərkən və qərarları qəbul edən dövlətlərin siyahısına baxarkən nəzərə almalıyıq ki, onların burada hansısa maraqları var. Təbii ki, həmin maraqlar başqa vasitələrlə həyata keçirilə bilməyəndə, o zaman erməni "soyqırımı" iddialarından çox intensiv şəkildə istifadə olunur. Ermənistan dövləti regionda öz sözü, yeri olmayan və regionda gedən proseslərə təsir imkanları sıfıra yaxın olan bir dövlətdir. Bu dövlət tamamilə başqa bir mərkəzdən idarə olunan ölkəyə çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə