KXCP-də qurultayöncəsi QARŞIDURMA

Xəzər Teyyublu: “Belə adda adam tanımıram”

"Partiyamızın qurultaya hazırlıq üzrə prosesi davam edir. Yerlərdə rayon təşkilatlarımızın konfransları keçirilir. Demək olar ki, qrafikimiz sıxdır və çalışırıq ki, işlərimizi daha tez yekunlaşdıraq". Bu fikirləri SİA-ya Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu təmsil olunduğu siyasi təşkilatın qurultaya və parlament seçkilərinə hazırlığı ilə bağlı verilən sualları cavablandırarkən deyib. Teyyublu bildirib ki, onlar işlərini istirahət günlərində də aparmaqdadırlar: "Hər şənbə və bazar günləri də yerlərdə öz konfranslarımızı keçiririk. Bütün bunlarla yanaşı, parlament seçkilərinə də hazırlığımız davam edir. Belə ki, seçki dairələrinə təqdim edəcəyimiz namizədlərimizin müəyyənlşdirilməsi prosesi gedir".

KXCP-nin sədr müavini təşkilat sədri Mirmahmud Mirəlioğluna qarşı çxış edərək, Demokratik Birlik Fraksiyasını yaradan və sədrlik iddiasında olan İsmayıl Yusifovun iddiasına da münasibətini bildirib. Xəzər Teyyublu deyib ki, həmin adam və ətrafı KXCP üzvü deyillər. Bu baxımdan, onlar haqqında ayrıca şərh vermək planında yoxdur: " Mən şəxsən, KXCP üzvü olan kəslər barədə hər hansı bir şərh verə bilərəm. Ancaq dediyiniz adla bağlı konkret nə isə demək istəməzdim. Çünki bizim elə adda partiya üzvümüz yoxdur".

İsmayıl Yusifov: "KXCP-də saxta qurultayın keçirilməsinə imkan verməyəcəyik"

Xəzər Teyyublu İsmayıl Yusifovun KXCP-nin bundan öncə keçirilən iki qurultayında iştirak etməsi və mandatının olması barədə dediyi fikirlərinə də münasibət bildirib. Sitat: "Mandat iddiasına gəldikdə isə, təbii ki, həmin adam nə vaxtsa partiya üzvü ola bilərdi. Ancaq hazırda üzvlərimiz sırasında İsmayl Yusifov adlı adam yoxdur.

Digər tərəfdən, Xalq Cəbhəsi 26-27 ildir ki, siyasi arenadadır. Bu illər ərzində kifayət qədər çox adam partiyadan uzaqlaşıb, ya da partiyaya yeni üzv kimi seçilib. Kim necə fikirləşirsə, elə də fikirləşsin. Amma mən, həmin adam barədə heç nə deyə bilmərəm. Çünki təşkilatımızın üzvü deyil".

Xatırladaq ki, KXCP üzvü olduğunu və partiyanın qarşıdan gələn qurultayında iştirak edərək, Mirmahmud Mirəlioğluna qarşı alternativ namizəd kimi sədr iddiasında bulunacağını deyən İsmayıl Yusifov təmsil edildiyi Fraksiya adından təkliflə çıxış edib və deyib ki, KXCP-də saxta qurultayın keçirilməsinə imkan verməyəcək: "Biz saxta qurultaya imkan verməyəcəyik. Biz təklif edirik ki, KXCP İdarə Heyətinin üzvləri və Demokratik Birlik Fraksiyasının İdarə Heyətinin üzvlərinin iştirakı ilə qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradaq. Əgər bizdən çəkinmirlərsə, KXCP üzvlərinə etibarları varsa, qurultaya gedək".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə