Yevda Abramov: “Erməni “soyqırımı” bir oyundur”

Yevda Abramov: “Erməni “soyqırımı” bir oyundur”

"Bir hadisədən 100 il keçib və onun şahidi yoxdursa, deməli onu nə məhkəmə, nə də siyasi yolla həll etmək mümkün deyil. Əgər bunu həll etmək mümkündürsə, Xocalı Soyqırımının şahidləri milyonlarladır. Bu günkü audiovizual vasitələr də sübut edir ki, Xocalıda insanlar ölümə məhkum edilib". Bu fikirləri SİA-ya Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Yevda Abramov ermənilərin qondarma "soyqırımı" iddialarından danışarkən deyib.

Millət vəkili qeyd edib ki, 1915-ci il hadisələri Birinci Dünya Müharibəsinin konteksində baş verib: "Birinci Dünya Müharibəsində ermənilərin tutduğu mövqe hər iki tərəfə məlumdur. Türkiyə ərazisində baş verən hadisələr qətliam sayıla bilməz. Bu Türkiyənin o dövrdə özünü müdafiə qabiliyyətini artırmaq üçün həyata keçirdiyi siyasətin yekunudur. Bu hadisələr barədə sənədlər İngiltərə, ABŞ və Türkiyə arxivlərində var. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bəyan edib ki, ölkəsinin arxivləri tarixçilərin üzünə açıqdır".

Y.Abramov bu məsələlərdə dünyanın ikili münasibətindən də danışıb: "Azərbaycan nefti bir tərəfdən xalqa xoşbəxtlik gətiribsə, digər tərəfdən bəlalar gətirib. Yəni siyasi mənada. Bu gün Azərbaycanın böyük templə inkişafı, bölgədə rolunun artması, geosiyasi vəziyyəti, bir sıra ölkələrin Azərbaycanı öz yanında görmək niyyətləri ikili standartlara səbəb olur. Hər iki qütb bizi öz yanında görmək istəyir. Bəs biz kimin yanında olaq? Ona görə də balanslaşdırılmış siyasət aparırıq. Biz hər çalınan havaya oynaya bilmərik. Ölkəmizin milli, təhlükəsizlik maraqları bizi məcbur edir ki, dünya siyasətinin konteksində özümüzü layiqli səviyyədə aparaq. Bu isə onların xoşuna gəlmir. Dövlətin varı olanda hamı onu öz yanında görmək istəyir, amma kasıb olanda yox".

Y.Abramov vurğulayıb ki, bu gün dünyada ədalətsizlik bərqərar olub: "Dünyanın əksəriyyəti nəinki ikili, daha çox standartlardan çıxış edir. Beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquq güc dövlətləri üçün oyun, zəiflər üçün isə məcburiyyətdir. Ona görə işimizi elə qurmalıyıq ki, belə burulğanlardan çıxa bilək".

"Mən 100 il bundan əvvəl baş verən hadisəyə dünya ölkələrinin belə siyasi qiymət vermələrinin tərəfdarı deyiləm. Hesab edirəm ki, onlar gələcəkdə peşman olacaqlar, gənc nəsillərinin qarşısında xəcalət çəkəcəklər. Ümumiyyətlə yəhudi Holokostundan sonra erməni holokostunun olmasını qəbul etmirəm. Bu bir uydurmadır. Bu erməni millətçilərinin İkinci Dünya Müharibəsində yəhudilərin Holokostunun imicini aşağı səviyyəyə endirmək üçün qurduqları bir oyundur".

Bütün xəbərlər Facebook səhifəmizdə