Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) və Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə "Uydurma "1915-ci il erməni soyqırımı"ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, millət vəkilləri, ziyalılar, fəal gənclər və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP İcra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, emənilər tarixdən ibrət götürmürlər: "Ümummilli Lider Heydər Əliyevin verdiyi fərmana əsasən ölkəmizdə erməni yalanları ilə əlaqədar mütəmadi tədbirlər keçirilir. Ermənilərin uydurduğu yalanların faş olunması üçün həm Türkiyə, həm də Azərbaycan tərəfindən xeyli iş görülüb. Lakin ermənilər tarixi təhrif edərək həqiqəti qəbul etmək istəmirlər. Biz bu konfransda bu mövzular ətrafında geniş müzakirələr aparacağıq".
AMEA-nın aparıcı elmi işçisi Vasif Qafarov deyib ki, bu gün dünya tarixi həqiqətə söykənməyən qondarma erməni yalanlarının araxasınca gedir: "Almaniya Parlamentinin, Roma Papasının uydurma erməni soyqırımına dəstək nümayiş etdirməsi onu göstərir ki, bu cinayətlərdə onların da əli var. Biz həmişə haqq işi üzərində mübarizə aparmışıq. Üçrəngli bayrağımız tezliklə işğal olunmuş ərazilərdə dalğalanacaq. Həmin an çox uzaqda deyil. 1918-ci il mart ayında azərbaycanlılara qarşı baş verən soyqırımda Bakıda 12 min türk-müsəlman məhv edilib, o dövrün qiymətləri ilə 1,2 milyard rubl ziyan dəyib. Şamaxı qəzasının 110 kəndinin 105-i tamamilə yandırılıb, 22 min 995 nəfər məhv edilib. Bundan başqa Şərur, Sədərək, Dərələyəz qəzalarında 18 min 300 insan qətlə yetirilib. Ümumilikdə mart soyqırımında 124 min 236 türk-müsəlman əhali soyqırıma məruz qalıb. İndiki qiymətlərlə əhaliyə 371 milyard manat ziyan dəyib".
Atatürk Araşdırma Mərkəzinin sədri Mehmet Ali Beyhan diqqətə çatdırıb ki, çox təəssüf ki, müasir dövrdə bir çox dövlət adamları, hərbçilər və siyasətçilər tarixi hadisələrə qiymət verməyə, insanların keçmişdə olanlar haqqında fikirlərini yönləndirməyə çalışırlar: "Amma onlar unutmamalıdırlar ki, tarixi hadisələrin baş verdiyi əraziləri yox etmək mümkün deyil. Tarixi düzgün yazmaq elm adamlarının üzərinə düşən vəzifədir".
O, qeyd edib ki, Türkiyənin Anadolu ərazisində, Azərbaycan torpaqlarında böyük qırğınlar, dağıntılar və soyqırımlar törədilib: "Biz Qubadakı kütləvi məzarlıqda burada törədilən soyqırımının sübutlarını görürük. Ümid edirəm ki, insanlıq bu faciələrdən dərs götürəcək və bundan sonra bu kimi hadisələrin baş verməməsi üçün əlindən gələni edəcək".
Sonra söz Dumlupınar, İstanbul universitetlərinin professorlarına və AMEA-nın Tarix İnstitutunun elmi işçisi İlqar Niftəliyevə verilib. Onlarda öz çıxışlarında bu erməni yalanlarının gec-tez ortaya çıxacağına və dünya ictimaiyyətinin bu hadisələrə biganə qalmayacağına əminliklərini bildiriblər.
Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun qeyd edib ki, bu gün 23 aprel Milli Suverenlik və Uşaq bayramı, Türkiyədə suverenliyin qeyd-şərtsiz elan edildiyi Türkiyə Böyük Millət Məclisinin açıldığı gündür. Biz bu günü Türkiyədə uşaqlarla qeyd etməyi adət etmişik. Çünki gələcəyi uşaqlarda və gənclikdə görürük".
Səfir bildirib ki, bu günü sadəcə Türkiyədəki uşaqlarla deyil, Azərbaycandakı, türk dünyasındakı, ümumən dünyadakı uşaqlarla qeyd etməyə çalışırlar: "Ölkəmizin suverenliyinin xalqa təslim edildiyi günü dünya uşaqları ilə qeyd etməkdə məqsəd onların uşaq olduqlarını başa salmaq, beyinlərində nifrət yaradılmasının qarşısını almaqdır".
İ.A.Coşkun vurğulayıb ki, Türkiyə Çanaqqala zəfərindən dünyaya sülh mesajı verməyə çalışır: "Biz o dövrdən başlayaraq, gənclərimizə bizə qarşı vuruşanlara nifrət aşılaya bilərdik. Ancaq biz Türkiyədən dünyaya sülh mesajı verərək çalışırıq ki, tarixdən düşmənçilik üçün istifadə etməsinlər".
"Bu gün Türkiyəyə qarşı Roma Papasının, Avropa Parlamentinin qərarları meydan oxuma kimi başa düşülə bilər. Ancaq, Türkiyənin mövqeyi göstərir ki, bu gün həmin iddalarla çıxış edənlərə meydan oxuyuruq. Necə meydan oxuyuruq? Əgər həqiqətən də 1915-ci il hadisələrini istəyirlərsə, o dövrdə baş verənləri obyektiv şəkildə anlamaq istəyirlərsə, bunu araşdırmağa 24 aprel tarixindən başlaya bilmərik. Bunun üçün tarixin gerilərinə getmək lazımdır. Ancaq bu uydurma iddiaları tanıyanların məqsədi hadisələri obyektiv görmək deyil. Bunu Roma Papasının, Avropa Parlamentinin qərarlarında görürük. Təəssüf ki, onlar tarixin siyasi məqsədlərə alət edilməsi yolunda ermənilərin illərdir davam etdirdikləri səylərə alət olublar" - deyə, səfir bildirib.
Diplomat vurğulayıb ki, beynəlxalq ictimaiyyət ermənilərin uydurma "soyqırımı" iddialarına deyil, Xocalı soyqırımına düzgün qiymət verməlidir: "Beynəlxalq aləm ermənilərin uydurma "soyqırımı" iddialarına deyil, Xocalı soyqırımına daha çox diqqət çəkməlidir. Necə olur ki, 100 il bundan əvvəl baş verdiyi iddia olunan və heç bir dəlil-sübutu olmayan "erməni soyqırımı" ilə bağlı Avropada bəyanat verilir, amma 23 il bundan qabaq törədilən Xocalı soyqırımına dünya birliyi tərəfindən hüquqi qiymət verilmir".
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bir neçə təklif üzərində öz fikirlərini qurub: "Biz adətən bu cür tədbirləri həmin hadisələrin ildönümü ərəfəsində keçiririk. Məsələn, 26 fevral, 31 Mart. Amma qalan dövr ərzində demək olar ki, bu hadisələr, ermənilərin bizə qarşı etdikləri cinayət əməlləri, soyqırımı və digər məsələlər unudulur, ikinci plana keçirilir. Bu cür tədbirlər ayrı-ayrı yerlərdə, mötəbər məclislərdə ilboyu keçirilməli və mütəmadi təşkil olunmalıdır: "Əgər bu mütəmadi şəkildə olmayacaqsa, təbii ki, biz nəticə əldə edə bilməyəcəyik. Bu baxımdan istər Türkiyədə, istər Azərbaycanda, istərsə də Avropanın ayrı-ayrı ölkələrində və yaxud təmsil olunduğunuz beynəlxalq qurumlarda mütəmadi olaraq bu məsələləri qaldırmalıyıq. Beləcə, erməni yalanlarını sübuta yetirməli və tarixi faktları ortaya qoymalıyıq. İkincisi, biz bu cür konfransları keçirdiyimiz zaman məsələləri 3 istiqamət üzrə qurmalıyıq. Birincisi, tarixi faktlarla bağlıdır. İkincisi, real vəziyyətdir. Üçüncüsü isə gələcək hədəflər müəyyən olunmalıdır. Biz tarixi faktları sadaladıq, qulaq asdıq və dinlədik. Bəs gəlin görək bizim bu gün görəcəyimiz iş nədən ibarət olmalıdır və gələcəkdə hansı addımları atmalıyıq? Təbii ki, tarixi fakt bəllidir. Fakt bundan ibarətdir ki, ermənilərə qarşı heç bir soyqırımı olmayıb. Bu, yalandır və iftiradır. Bugünkü reallıq isə odur ki, artıq bir sıra dövlətlər qondarma "erməni soyqırımı" ilə bağlı öz qərarlarını veriblər. Hətta bəzi dövlətlər öz vətəndaşlarına "soyqırımı"nı tanımadıqlarına görə cinayət işi açırlar".
S.Novruzov əlavə edib ki, Türkiyənin iqtisadi inkişafından, ictimai-siyasi sabitlikdən bir sıra Avropa və dünya dövlətləri narahat olmağa başlayır: "Əgər regiona nəzər salsaq görərik ki, regionda maraqlı olan dövlətlər də bu erməni kartından çox canfəşanlıqla istifadə edirlər. Bəs biz bununla əlaqədar nə etməliyik? Hesab edirəm ki, biz artıq öz hədəflərimizi müəyyənləşdirməliyik. Müəyyən etməliyik ki, bu cür hallar bizə qarşı olacaq. Məsələn, gözləməməliyik ki, ABŞ prezidenti Barak Obama "soyqırımı" ifadəsini dilinə gətirəcək, ya yox. Artıq buna qarşı öz addımlarımızı, işimizi aparmalıyıq. Diasporumuz vasitəsilə təbliğatımızı genişləndirməliyik. Biz onların seçkili orqanlarında fəal iştirak etməliyik. Konqresdə, Senatda və başqa-başqa yerlərdə təmsil oluna bilmiriksə, bu qurumlara seçilmək hüququmuz yoxdursa orada təmsil olunanlara maliyyə dəstəyi göstərməliyik. Sakit oturaraq ildən-ilə bu məsələləri gözləməklə biz heç bir uğura imza ata bilmərik. O baxımdan da gələcək fəaliyyət proqramımızı düzgün qurmalıyıq".
Sonda Milli Məclisin vitse-spikeri Bahar Muradova çıxış edərək deyib ki, bu gün qondarma "soyqırımı"nı tanıyanların, tanıma prosesinin başında dayanan ölkələrin keçmiş nəsilləri vaxti ilə Osmanlı İmperiyasını işğal etmək istəyənlərdir".
B. Muradova bildirib ki, 300 illik Avropa-Türkiyə münasibətləri bir sıra Avropa ölkələrinin xatirinə silinməyib, onlar bunun acısını hiss etməkdədirlər və əvəzini də zaman-zaman çıxmağa çalışacaqlar: "Bugünki dünya nizamında tutduğumuz yerə görə arxayınlaşmağa və sakit oturmağa ixtiyarımız yoxdur. Ona görə də gündəlik işimizi davam etdirməliyik. Nə qədər qondarma "soyqırımı"nın tanınmasının qarşısını almağa çalışsaq da, bunu tam olaraq bacara bilmədik. Bu proses başlanıb və davam edir. Dünyadakı proseslərə təsiri olan ölkələrin hamısı, bütün beynəlxalq təşkilatlar bu qərarı qəbul etsə və sonda da hər hansı bir hüquqi nəticələrə gətirib çıxara biləcək addımlar atılsa, biz həmin günlərə də hazır olmalıyıq. Hesab edirəm ki, biz daha qlobal, məqsədyönlü, ardıcıl hədəflər uğrunda çalışmalıyıq. Ona görə də bizim birlikdə və güclü olmaqdan başqa çarəmiz yoxdur".
Konfransa müzakirələrlə yekun vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB