Siyavuş Novruzov: “Biz “Human Rights Watch”ı ciddi təşkilat hesab etmirik” AÇIQLAMA

Siyavuş Novruzov: “Biz “Human Rights Watch”ı ciddi təşkilat hesab etmirik” AÇIQLAMA

""Human Rights Watch" təşkilatı hər zaman Azərbaycana qarşı qərəzli yanaşıb. 20 ildən artıqdır ki, bu təşkilat öz bəyanatlarında Azərbaycan əleyhinə çıxışlar edir". Bu fikirləri SİA-ya açıqlamasında YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

YAP rəsmisi qeyd edib ki, istər ölkəmizdəki ictimai-siyasi vəziyyətlə, istərsə də söz, mətbuat azadlığı ilə bağlı qərəz nümayiş etdirən bu təşkilat heç zaman obyektiv faktlara əsaslanan fikir söyləməyib: "İndiki məqamda Azərbaycanın müxalifətyönlü QHT-lərinin yenidən fəallaşması heç də təsadüfü deyil. Bunların səbəbləri aydındır. Bunlar müxtəlif vaxtlarda işğalçı Ermənistana səfər edib, kəşfiyyat orqanları ilə görüşlər keçirib, Azərbaycanın hərbi sirlərini onlara çatdırıblar. Ayrı-ayrı fondlardan aldıqları qrantları təyinatı üzrə deyil, tamamilə ayrı istiqamətdə sərf olunması, onun böyük hissəsinin qrant verən təşkilat tərəfindən mənimsənilməsi artıq Azərbaycanın hüquq mühafizə orqanlarına bəllidir. "Human Rights Watch" konkret əməllərinə görə həbs olunan QHT təmsilçilərinin törətdikləri cinayətlərini ört-basdır etmək üçün bu və ya digər formada I Avropa Oyunlarından sui-istifadə etməyə çalışır".

"Human Rights Watch"ın idarə heyətində bir neçə erməninin təmsil olunduğunu qeyd edən YAP İcra katibinin müavini onu da vurğulayıb ki, həbs edilən "hüquq müdafiəçiləri" erməni lobbisi tərəfindən maliyyələşənlərdir: "Bir neçə siyasi partiya da var ki, onlar da erməni lobbisindən maliyyə dəstəyi alırlar. Bu vasitə ilə Azərbaycan haqqında reallıqdan kənar, düzgün olmayan informasiyalar yaymaqla məşğul olurlar. Bu təşkilatların verdikləri bəyanatlarla AXCP sədri Əli Kərimlinin bəyanatları üst-üstə düşür. Çünki eyni mənbədən qidalanırlar, eyni mənbədən tapşırıq alırlar. Bu baxımdan da sözügedən təşkilatın hansı bəyanat verməsindən asılı olmayaraq "Human Rights Watch"ı ciddi təşkilat hesab etmirik. Bunlar nə BMT-dir, nə də digər mötəbər qurumdur. Bu sadəcə qeyri-hökümət təşkilatıdır. Ölkəmizdə bu gün 3 mindən artıq QHT var ki, istənilən ölkə haqqında belə bəyanat yaya bilər. Ona görə də hesab edirəm ki, "Human Rights Watch"ın qərəzli bəyanatından asılı olmayaraq dövlət qanunları poza bilməz. Azərbaycan Konstitusiyasında göstərilir ki, hər bir vətəndaş peşə fəaliyyətindən asılı olmayaraq qanun qarşısında bərabərdir. Əgər bu gün kimsə hüquq müdafiəçisi adı altında vergidən yayınıbsa, ölkəmizin imicinə xələl gətirməyə çalışıbsa qanun qarşısında cavab verəcək. Xarici təşkilatlar da anlamalıdır ki, bütün məsələlər qanun çərçivəsində həll edilməlidir. Hər hansı bir ictimai təşkilatın bəyanatı ilə Azərbaycan öz hüquq sistemində düzəlişlər edə bilməz və etməyəcək".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə