"Ermənistanın əsas məqsədi Qarabağın tarixini iranlı mütəxəssislərin dili ilə saxtalaşdırmaqdı. Çünki dünya Ermənistanın Azərbaycanla əlaqəli dediklərinə inanmır". SİA-nın xəbərinə görə, bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi "Qarabağ saat"ında deyib.
Onun sözlərinə görə, hətta Roma Papası Fransiskin bəyanatınadək Dağlıq Qarabağ mövzusu "erməni soyqırımı" mövzusunu üstələmişdi: "Ona görə iranlı mütəxəssislər vasitəsilə Qarabağ tarixini saxtalaşdırmaq Ermənistan üçün vacib lazım idi. İran rəsmiləri bu filmin çəkilməsindən xəbər tutan kimi bu çəkilişi qadağan etdilər".
İranın ardıcıl surətdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən politoloq söyləyib ki, prezident Həsən Ruhani Azərbaycana səfəri zamanı vəziyyətin gərginləşəcəyi təqdirdə Azərbaycanı müdafiə edəcəklərini açıq mətnlə bəyan edib: "Verilən bütün bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünə, Azərbaycan torpaqlarının işğaldan azad olunmasına dəstək birmənalı artan istiqamətdədir. Amma İran Ermənistandan da əl çəkmək istəmir. Çünki İran Ermənistanı özünün tarixi ərazisi hesab edir və əlaqələri intensivləşdirməklə onu Qərbin və Rusiyanın təsir zonasından çıxarmaq niyyətindədir. Gələcəkdə isə öz təsiri zonasına salacaq. Ermənistan güclü olarkən İran da Ermənistana kömək etmək arzusunda idi. 7.7 milyard dollarlıq investisiya layihələri hazırlanmışdı. Amma İrana qarşı tətbiq edilmiş sanksiyalar bu məbləğdə vəsait qoymağa imkan vermədi. Eləcə də həmin sanksiyalara görə Ermənistan İranın bəzi layihələrini dayandırmalı oldu. Misal üçün, Mehri SES-in tikintisi yalnız Ermənistan banklarının İrandan pul qəbul etməməsinin hesabına dayandırılıb. Ermənistanın belə hərəkəti İranı ayıltdı".
M. Əhmədoğlu vurğulayıb ki, İran indi Ermənistana yalnız müştərək regional iqtisadi layihələr təqdim edir: "Çünki Ermənistan sonradan İrana qarşı əlavə nöqsanlara yol verdi. Ermənistanın Livana sülhməramlı göndərməsi İrana arxadan xəncər saplamaq anlamındadır. İranın regional müştərək layihələrinin əsas məzmununu isə "Araz" Azad İqtisadi Zonası təşkil edir. Araz qırağı layihələr İranın 3 iri ostanını əhatə etməklə yanaşı, İranın Azərbaycan, Türkiyə və Ermənistanla da əməkdaşlığına şərait yaradır. Ona görə İran bu ideyadan əl çəkməyəcək. İran Araz qırağı layihələri öz istədiyi formada reallaşması üçün Naxçıvandan keçən dəmir yolunun açılmasını istəyir. İndi Ermənistanın təklif etdiyi İran-Ermənistan dəmir yolu marşrutu mürəkkəb coğrafi relyefdən keçməlidir. Amma Naxçıvan dəmir yolu vaxtilə fəaliyyət göstərib və Culfadan birbaşa İranın ərazisinə keçir. Naxçıvan dəmir yolu işləyəcəyi təqdirdə İran ərazisində əlavə dəmir yolu çəkməyə ehtiyac qalmayacaq. Ona görə İran Naxçıvan dəmir yolunu açmağı Ermənistana başa salmağa çalışır. Bu istiqamətdə İranın müəyyən zəiflikləri var. İranın Ermənistandakı ekspertləri və jurnalistləri İrana xidmət etməyə, ondan pul qazanmağa hazırdırlar. Amma onlar üçün İran Rusiya və Qərbdən sonrada dayanır. İran ən azı Ermənistanda özünü Rusiya və Qərbdən sonra 3-cü yerdə görmək istəmir".
"İranın Ermənistandakı ekspertləri hətta İranı aldatmağa cəsarət edirlər. İranın NATO və ABŞ-a münasibəti bəllidir. Erməni ekspertləri İranın xoşuna gəlmək və beləliklə pul qazanmaq üçün ABŞ-ın Azərbaycandakı səfirinin Əfqanıstan məsələsində ABŞ-Azərbaycan əməkdaşlığının genişlənməsinə dair nəzəri bəyanatını Ermənistanın NATO hərbi təlimlərində praktiki olaraq iştirakından daha təhlükəli təqdim edirlər. Təbii ki, İran Ermənistanda öz siyasətinə uğur qazanmaq istəyirsə yaxın vaxtlarda Ermənistandakı ekspert qrupunu daha ciddi və dəqiq işləməyə məcbur edəcəkdir. Dünyada yeni başlanmış proseslərin fonunda İran regionda iştirakını artıracaqdır. Digər regionlardakı proseslərin fonunda xoş görünən İran-Rusiya münasibətləri hər an istiqamətini dəyişə bilər. Son dəyişmələrdə İranın Azərbaycandan uzaqlaşmasına dəlalət edən heç bir şey baş vermir. Azərbaycanın İranla münasibətlərinin konseptual əsasları Ermənistanın İranla münasibətlərinin konseptual əsaslarından tamam fərqlənir. Fakt odur ki, Ermənistan müstəqil dövlət deyil, yaxın 10 illiklərdə müstəqil dövlət ola bilməyəcək. İran regionun iri dövlətləri ilə mürəkkəb münasibətlərə malikdir. Belə mürəkkəb münasibətlər uzun müddət davam edəcəkdir. İran öz ərazisinə nəzarət edə bilməyən, müstəqil siyasət aparmayan dövlətlərin ərazisində heç vaxt heç bir iri layihə reallaşdırmayacaq. Ona görə Ermənistanın yaranmış vəziyyətdən çıxış yolu Naxçıvana gedən yolu açmasıdır. Bu isə Mehri dəmir yolunun fəaliyyətə başlamasıdır. Mehri dəmir yolunun işə başlaması isə Azərbaycan rayonlarının işğaldan azad olunması anlamındadır. İran Ermənistandan bu gün bunu tələb edir. Yaxın keçmişədək İran Ermənistanın qarşısında belə tələb qoymamışdı. İran sabaha daha ambisiyalı görünür"- deyə, politoloq əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB